9 İyul 2016 14:53
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən “Himayədar (foster) Ailə Haqqında Əsasnamə”, habelə layihənin maliyyə tutumu barədə hesablamalar yenidən hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin hazırladığı hesabatda məlumat verilib.

Aparılmış maliyyə təhlilinə əsasən, himayədar ailəyə aylıq müavinətin məbləği minimum əməkhaqqı həddində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlara aylıq müavinətin məbləği yaşayış minimumu həddində, sağlam uşaqlar üçün birdəfəlik müavinətin məbləği yaşayış minimumunun 2 misli, sağlamlıq imkanları məhdud uşaqlar üçün isə yaşayış minimumunun 4 misli həddində nəzərdə tutulub.

Himayədar ailə olmaq istəyən şəxslərə təlimlərin keçirilməsi üçün tədris proqramı hazırlanıb. Uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq ölkə üzrə ümumilikdə 604 nəfər uşağın, 2015-ci ildə isə 12 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

Uşaqların ailələrinin himayəsinə qaytarılması ilə bağlı onların ailələrinin və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında bu uşaqların ailələrinə qaytarılması məsələlərinə baxılıb.

Görülən işlər nəticəsində 2015-ci ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 37 uşaq Rayon və Şəhər İcra Hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

2015-ci ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilib siyahısında olan 33 nəfər uşaqdan 3-16 yaş arası 10 uşaq övladlığa verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: