10 İyul 2016 09:12
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ildə müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub, vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin hesabatında məlumat verilib. Məlumatda bildirilir ki, əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olub.

Kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 30 faiz artması deməkdir. Eyni zamanda kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər hazırlanaraq Hökumətə təqdim edilib.

Ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilmiş, 50 məktəb və 100 müəllim qalib hesab edilərək müəyyən olunmuş qaydada mükafatlandırılıb. Ümumilikdə isə 2008-2015-ci illərdə mükafatlandırılan müəllimlərin sayı 800-ə, məktəblərin sayı 400-ə çatıb. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub. Əgər bir il bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal toplamışdısa, bu il onların sayı 10 dəfə artaraq 188 nəfərə çatıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: