10 İyul 2016 10:10
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib.

APA-nın məlumatına görə, bu Nümunəvi Əsasnamə Azərbaycan ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyir.

Ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur. Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur. Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır.

Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Kitabxananın fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat, universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər), dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir), müəllim üçün metodik vəsaitlər, elektron resurslar və digərləri daxildir. Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir. Kitabxananın kadr təminatında peşə üzrə ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda, müvafiq peşə-ixtisas təhsili olmayan, lakin yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər. Kitabxananın oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ var. Kitabxananın vəzifələri sırasında isə “informasiya günü”, “müəllim günü”, “sinif günü” adlı tədbirləri təşkil etmək və ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək də yer alıb.

Nümunəvi Əsasnaməyə əsasən kitabxananın fonduna daxil olan çap və informasiya resurslarından istifadə qaydaları da müəyyənləşdirilib. Abonement vasitəsilə kitabxananın çap resursları evdə istifadə etmək üçün götürülə bilər. Evə götürülən resurslardan istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir:

- dərslik, dərs vəsaiti – bir tədris ili;

-elmi-populyar və bədii ədəbiyyat – bir ay;

- dövri və çox istifadə olunan nəşrlər – 15 gün;

Oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından yalnız kitabxana daxilində istifadə edilir. Bir kompüterdə eyni zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir. İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə verilmir.


Müəllif: