11 İyul 2016 15:51
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfransı keçirilib. Tədbirdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov turizm sahəsində medianın vacib rol oynadığını bildirib: “Turizm sahəsində mövcud olan real qanunlar, ölkədə və dünyadakı vəziyyət KİV vasitəsilə ölkə ictimaiyyətinə çatdırılır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, son illər Azərbaycana gələn turistlərin sayında artım var. Onun fikrincə, turizmin inkişafını media daim diqqətdə saxlamalıdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, nazirliyin rəsmi internet saytında 2015-ci ildə 800 informasiya yerləşdirilib, bu rəqəm 2016-cı ildə 1642 olub. Həmçinin informasiya agentlikləri və saytlarda mədəniyyətlə bağlı 2015-ci ildə 76 min, 2016-cı ildə 99 min, turizmlə bağlı ötən il 34700, bu il isə 56280 informasiya verilib.

Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır: “Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Daxili turizm ona görə inkişaf etməlidir ki, vətəndaşlar tərəfindən kənara valyuta axını olmasın”.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 535 mehmanxana var, 30-u da tikilməkdədir.

Çıxışlardan sonra “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Mayın 20-dən iyunun 20-dək keçirilən müsabiqəyə 28 KİV təmsilçisindən 56 yazı daxil olub. Nəticələrə əsasən bir nəfər 1-ci, iki nəfər 2-ci və üç nəfər isə 3-cü yerə layiq görülüb. 5 nəfərə isə həvəsləndirici mükafat verilib.

Mükafatlandırılanlar arasında Teleqraf.com-un müxbiri İlhamə Əbülfət də var.


Müəllif: