12 İyul 2016 11:45
286

Bərdə rayon xəstəxanasında doğuş zamanı körpə ölüm baş verib.

Teleqraf.com-un bölgə müxbirinin məlumatına görə, 1994-ci il təvəllüdlü Bərdə rayonu Gərənə kənd sakini Aysel İlham qızı Qocayeva iyulun 10-da axşam saat 10-11 radələrində hamiləlik sancıları ilə rayon xəstəxanaya yerləşdirilib.

Xəstəxananın həkimi Tahirə Allahverdiyeva Ayselin yaxınlarına bildirib ki, ana hamiləliyinin yeddinci ayında olmasına baxmayaraq doğuş vacibdir. Aysel Qocayeva biri oğlan, digəri qız olmaqla dünyaya əkiz uşaq gətirib, ancaq uşaqlarda biri – oğlan ölüb. Hazırda sağ qalmış uşaq Bərdə rayon xəstəxanasında saxlanır.

İddialara görə, Ayselin atası həkimdən uşaq ölümünün səbəbini soruşduqda belə cavab alıb: “Dilini sakit saxla, mən eləmişəm, əcəb eləmişəm”.

Bərdə rayon xəstəxanasının baş həkimi Teleqraf.com-un bölgə müxbirinə açıqlamasında bildirib ki, faktla bağlı hüquqi işlər aparılacaq.

Aysel Qocayevanın yaxınları həkimə 150 manat pul verdiklərini bildiriblər.

İlhamə ƏBÜLFƏT

Xalid Salmanbəyli


Müəllif: