12 İyul 2016 15:43
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının avtomatlaşdırılmış infrastrukturunun yaradılması, cari il fevral ayının 15-dən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması dövlət sosial yardımı sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına imkan verib”.

Bu sözləri Teleqraf.com-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, VEMTAS bir uğurlu islahat təcrübəsidir: “Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət formasıdır. Dövlət idarəetmə və xidmətlər sistemində aparılan hər bir islahatın əsas məqsədi ümumi fəaliyyətin səmərəli təşkili və funksional tələblərin daha təkmil formada icrası ilə bərabər, əhaliyə xidmətlərin müasir və şəffaf, vətəndaşlar üçün çevik və rahat şəkildə şəkildə formalaşdırılmasıdır. VEMTAS bunun əyani bir nümunəsi kimi diqqəti cəlb edir. Azərbaycanın bu innovativ iş təcrübəsinə beynəlxalq səviyyədə də yüksək dəyər verilib və hazırda əmək və sosial müdafiə sahəsində digər avtomatlaşdırılmış sistemlər kimi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi də BMT-nin portalında qabaqcıl təcrübə nümunələri kimi təqdim olunur”.

Elman Babayev qeyd edib ki, Elektron qaydada edilən e-müraciətlərə VEMTAS tərəfindən elektron qaydada baxılaraq qərar qəbulu prosesi elə ilk gündən başlayaraq normal qaydada davam etdirilir: “Ötən müddətdə artıq 48844 nəfər ailə üzvü olan 12383 ailəyə VEMTAS tərəfindən, yəni avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ümumilikdə isə ölkəmizdə 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Avtomatlaşdırılmış sistem tərəfindən ailələrinə sosial yardımın təyinatından imtina edilməsinə görə ayrı-ayrı şəxslərdən nazirliyin qəbul otağına müraciət edənlər olur. Müraciətləri araşdırılan zaman aydın olub ki, həmin vətəndaşlar öz ailə tərkibləri və real gəlirləri barədə sistemə düzgün məlumat daxil etməmələri, həmçinin ailələrinin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğu üçün avtomatlaşdırılmış sistem tərəfindən onların ailələrinə sosial yardımın təyin edilməsindən imtina qərarı verilib. Belə şəxslərin şikayət müraciətlərinin bir sıra KİV-lər tərəfindən aksiya kimi təqdim edilməsi isə ucuz sensasiyaya, cəmiyyətdə dezinformasiya yaratmağa, sosial yardım sisteminin şəffaflaşdırılması sahəsində görülən işləri gözdən salmağa yönəlib”.

Şöbə müdiri əlavə edib ki, nazirliyin rəsmi şəxsləri həmin vətəndaşlarla görüşərək, onlara müvafiq hüquqi izahatlar veriblər: “Onların diqqətinə çatdırılıb ki, vətəndaşlar elektron şəkildə müraciət zamanı “Ərizə-bəyannamə”ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu, dərhal üzə çıxır. Çünki onların təqdim etdikləri məlumatlarla aidiyyəti qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək yoxlanılır, uyğunsuzluq aşkar edilərsə, yardımın təyin olunmasından imtina qərarı verilir. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstərilir”.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb.

İlhamə Əbülfət


Müəllif: