13 İyul 2016 19:15
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir sıra KİV-lərdə Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur, belə şaiyə xarakterli məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib”.

Teleqraf.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Report”a qeyd olunan məsələyə aydınlıq gətirərkən deyib.

Elman Babayev bildirib ki, hazırda ölkədə mühüm sosial proqramlardan biri olan və əhalinin aztəminatlı hissəsinin yoxsulluğun doğurduğu çətinliklərdən qorunmasına yönələn ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilir. 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Sosial yardımların ödənişi avtomatlaşdırılmış qaydada aparılır və hər hansı bir məmurun iradəsindən asılı deyil.

Elman Babayev vurğulayıb ki, ünvanlı dövlət sosial yardımı proqramının davam etdirilməsi ilə yanaşı, “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli prezident sərəncamına əsasən, aztəminatlı ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin əmək potensiallarının reallaşdırılması, onların özünüməşğulluğuna şərait yaradılması istiqamətində də işlər aparılır: "Sərəncam əsasən, əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb. Həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə təqribən 1 400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılır.

Sadəcə olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edildikdən sonra öz gəlirlərini adambaşına ehtiyac meyarından yuxarı təmin etmək imkanlarına yiyələnəcək ailələrin ünvanlı sosial yardım proqramından çıxaracağı nəzərdə tutulur. Yəni burada əsas məqsəd ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin etməkdir.

Lakin bu işlər ölkədə aztəminatlı ailələrlə bağlı dövlət sosial yardımı proqramının dayandırılacağına dəlalət etmir və özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi qarşıdakı dövrdə də davam etdiriləcək”.


Müəllif: