24 İyun 2014 13:53
731

“Son illər Azərbaycanda gənclərin məşğulluğuna xüsusi diqqət ayrılır. Ölkədə iqtisadiyyatı diversifikasiya olunur. Mindən artıq iş yerləri açılıb. Artıq ölkədə qeyri-neft sektorunun sahələri inkişaf etməyə başlayır”.

Teleqraf.com-un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə Bakıda keçirilən “Təhsildən məşğulluğa: gənc, ali təhsilli ilk dəfə iş axtaranlara dəstək” layihəsinin təqdimatında BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə ofisinin direktoru Dmitrina Dmitrova bildirib.

O, qeyd edib ki, hazırda dünyada 73 milyon gənc işsizdir: “Bu şərait isə narahatlıq doğurur. Bu cür şərait sosial-iqtisadi sabitliyi poza bilər. Heç bir ölkə bundan sığorta olunmayıb. Odur ki, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən hökumətlər axtarışda olmalıdırlar. Gənclər həmkarlar ittifaqlarına cəlb edilməli, onlarla dialoqlar aparılmalı, problemlər və onların elə gənclərin iştirakı ilə həlli yolları axtarılmalıdır. Bu gün Bakıda keçirilən "Təhsildən məşğulluğa: gənc, ali təhsilli ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi ilə Azərbaycan bu işə çox vacib tövbəsini verir”.

Səlim Müslümov isə qeyd edib ki, bu gün ölkədə 40 faiz ali təhsilli gəncə əmək bazarında yer yoxdur: “Əsasən 25-29 yaş arası gənclərə tələbat vardır, lakin 25 yaşdan aşağı gənclərin işə düzəlməsi müəyyən çətinliklərlə üzləşir”.

Nazir hər bir cəmiyyətin aparıcı qüvvəsi olan, hazırda Azərbaycan əhalisinin 30 faizə qədərini təşkil edən gənclərin məşğulluğunun aktual məsələlərdən biri olduğunu, təqdim olunan yeni layihənin bu baxımdan xüsusi önəm daşıdığını vurğulayıb: “Bu gün dünyanın hətta inkişaf etmiş ölkələrində işsizlik kəskin problemə çevrildiyi halda, Azərbaycanda işsizlik səviyyəsi 5 faizədək enib ki, bu da dünya ölkələri arasında nümunəvi bir göstəricidir. Bununla belə, nəzərə alsaq ki, ölkədə 15-29 yaşda gənclər arasında bu göstərici 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir, o zaman gənclərin məşğulluğunun təminatının aktual bir məsələ olduğunu qeyd etmək olar”.

Nazir gənclərin məşğulluğunun təminatında əsas problemlərdən birinin ali təhsilli, ilk dəfə işaxtaran gənclərlə bağlı olduğunu diqqətə çatdırıb: “Bir çox hallarda işəgötürənlər ali təhsil müəssisəni yenicə bitirmiş məzundan daha çox, özünü təsdiqləmiş, müəyyən müddət iş təcrübəsi olan mütəxəssisləri işə cəlb etməyə üstünlük verirlər. Ona görə də biz BƏT-lə birgə bu məsələnin həlli istiqamətində sosial tərəfdaşlıq prinsipi əsasında pilot olaraq yeni aktiv layihəyə başlamağa qərar verdik”.

Nazir qeyd edib ki, təqdim olunan layihə bir tərəfdən gənc mütəxəssislərin təhsildən aktiv əməyə keçidini asanlaşdırır, digər tərəfdən isə ilk dəfə işaxtaranları subsidiyalı əmək haqqı ilə işə qəbul edən işəgötürənləri təşviq edir. Belə ki, bu pilot layihə ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmayan və Bakı şəhərindəki məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər gənclə işəgötürən arasında əmək müqaviləsinin imzalanmasını, həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı şəkildə BƏT-in maliyyə dəstəyi ilə ödənilməsini nəzərdə tutur.

Layihəni hökumət, beynəlxalq təşkilat və özəl sektor arasında sosial dialoqun uğurlu nümunəsi hesab edən nazir yeni pilot layihənin davamı olaraq gənclərə sahibkarlıq vərdişlərinin aşılanması və gələcəkdə bizneslə məşğul olmalarına kömək edilməsi üçün regionlarda gənclərin özünəməşğulluğuna dəstək lahiyəsinin hazırlandığını da qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek işsizliyin azaldılması sahəsində uğurlu təcrübəyə malik Azərbaycanın eyni zamanda gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olduğunu vurğulayaraq, təqdim olunan layihəni gənclərin məşğulluğu sahəsində ölkədə aparılan siyasətin keyfiyyətcə yeni və uğurlu davamı kimi səciyyələndirib.

Naibə QURBANOVA


Müəllif: