15 İyul 2016 12:15
210

“Aprel hadisələri zamanı çox gərgin idik. 9-cu sinifdə oxuyan oğlum hər an Feysbuku izləyirdi. O qədər güclü hisslər keçirirdi ki... Nəhayət, gəlib bizə elan etdi ki, artıq seçimini edib və hərbçi olacaq. Elə formada söylədi ki, onun qərarını dəyişməyəcəyini anladıq”.

Teleqraf.com xəbər verir ki, Salyan rayon sakini, kitabxanaçı Səidə Quliyeva bu haqda Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sosial medianın gənclərə təsiri ilə bağlı bu rayonda keçirdiyi görüşdə səsləndirib.

Valideynin sözlərinə görə, artıq oğlu sənədlərini hazırlayıb və hərbi məktəbə müraciət edib.

Salyan Rayon İcra Hakimiyyətinin təmsilçiləri, yerli təhsil işçiləri, sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələrinin ilə təşkil olunan toplantıda sosial mediada etik dəyərlər və dövlətçilik prinsiplərinin qorunmasına dair maraqlı diskussiya aparılıb.

Salyan Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Məhərrəm Məmmədov bölgədə çıxan qəzetlər, media orqanları haqqında məlumat verib. O, rayon əhalisi, xüsusilə də gənclər arasında sosial şəbəkələrin kifayət qədər populyar olduğunu bildirib. Lakin bəzi hallarda burada bəzi səhifələrin gəncləri mənfi əməllərə meylləndirdiyini də bildirib.

Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı sosial medianın ictimai fikrə təsiri, gənclərin bu şəbəkələrdən düzgün istifadəsinə dair məsələlərdən danışıb. Salyanda çıxan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov sosial şəbəkələrin gücündən istifadə etməyin mühüm olduğunu qeyd edib.
Müzakirələrdə iştirak edən rayon sakinləri, müəllimlər gənclərin tərbiyəsində diqqət ayırmalı məqamlardan danışıblar.

Qeyd ediblər ki, Salyan və ətraf rayonlarda gecə saatlarında internetdə online görünmək hələ də pis davranış kimi qəbul olunur. Gənclər yaşlı nəslin bu məsələyə yanaşma tərzinin fərli olduğunu bildirdilər. Bəlli oldu ki, Salyan və ətraf rayonlarda Feysbuk, İnstaqram, Tvitterdə hesabı olan kifayət qədər insan var. Bölgələrdə problemlərdən biri də texniki idarəetmə ilə bağlıdır. Əksəriyyət aprel hadisələrinə diqqət çəkib və Feysbukdan çox şikayət edilib.

Tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilən “Sosial mediada etik və mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində baş tutub. Bundan əvvəl Gəncədə sosial şəbəkədə aktiv olan gənclərlə geniş müzakirə təşkil olunmuşdu. Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə keçirilən bu tədbirdə yeni mediaya dair beynəlxalq təşkilatın təsis olunmasına dair niyyət protokolu da imzalanmışdı.

Səxavət


Müəllif: