16 İyul 2016 00:35
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Science Activity-2016” adlı yay məktəbi təşkil olunub.

Teleqraf.com-un məlumatına görə, Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün “Elmi təbliğ edək!” devizi altında keçirilən yay məktəbinin təşkilatçısı AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsidir (İƏEPİ).

Ölkənin tanınmış media orqanlarından nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə İƏEPİ-nin rəisi Zülfüqar Fərzəliyev açıb. O, Azərbaycan mətbuatının şərəfli tarixindən, bu sahəyə göstərilən davamlı dövlət qayğısından danışıb. Qeyd edib ki, Azərbaycan jurnalistikası müasir səviyyəsinə gəlib çatana kimi keşməkeşli yollardan, çətin sınaqlardan keçibr. AMEA və Azərbaycan elminin sürətli inkişafından söz açan natiq bildirib ki, son dövrlərdə akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, mühüm elmi nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb.

AMEA-nın ölkə mətbuatının fəaliyyətinə yüksək qiymət verdiyini deyən Z.Fərzəliyev media ilə geniş əməkdaşlıq əlaqələrinin, faydalı işgüzar münasibətlərin əsasının qoyulduğunu diqqətə çatdırıb. Akademiyada elmin təbliği istiqamətində aparılan işlərdə jurnalistlərin fəal iştirak etdiyini xüsusi vurğulayıb.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası haqqında tədbir iştirakçılarına məlumat verib. N.Cəlilov media nümayəndələri, AMEA və alimlər arasındakı münasibətlərin əhəmiyyətini vurğularaq qeyd edib ki, akademiyanın gələcək fəaliyyətinin daha səmərəli təşkili və sürətli inkişafa nail olmaq üçün kadr hazırlığı sahəsinə xüsusi diqqət göstərilməlidir.

Sonra İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov Yay məktəbi layihəsinin əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, layihənin təşkilində məqsəd AMEA-da elmin kütləvi təbliği istiqamətində səmərəliliyin artırılması, eyni zamanda akademiya ilə jurnalistlər arasında əməkdaşlığın möhkəmləndirilməsidir.

Sonda şöbə rəisi Akademiyada elmin populyarlaşdırılması siyasətinin icrası istiqamətində İƏEPİ-nin tərkibinə daxil olan şöbələrin fəaliyyəti haqqında təqdimat nümayiş etdirib.


Müəllif: