18 İyul 2016 12:38
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

TQDK-nın elan etdiyi yeni şərtlərə görə, I və IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla, qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyent iştirak edə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov elan edilən müsabiqə şərtlərini şərh edib.

Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ixtisas seçiminə 1 fəndən nisbi balı 10-dan az olan abituriyentləri də buraxmaqla ciddi şəkildə qanun və hüquq pozuntusuna yol verib: “Çünki qəbul imtahanlarında 200 bal toplayan və bütün fənlərdən nisbi balı 10-dan çox olan abituriyent müsabiqədə iştirak hüququ qazanıb. Lakin yeni şərtlə görə, ümumən daha çox bal toplayan, lakin hansısa fəndən minimum 10 bal yığa bilməyən abituriyent müsabiqəyə qatılmaqla onun yerini tuta bilər. TQDK əvvəlcədən müəyyən etdiyi müsabiqə şərtlərini qoruyub saxlamalı idi. Burda bir məqsədi var - universitetlərin plan yerlərini doldurmaq”.

Kamran Əsədov deyir ki, ixtisas seçiminə bu cür yanaşmaq daha bərbad nəticələrə gətirib çıxara bilər: “Çünki yeni qəbul şərtlərinə görə, abituriyent keçid balını toplamadığı fənnə, ixtisasa qəbul ola bilər. Tutalım ki, hansısa abituriyent riyaziyyat, fizika, kimya və ya digər fənlərin birindən 0 bal toplayıb, amma indi o ixtisasa qəbul ola bilər. Bu nə dərəcədə doğrudur?”.

Fəlsəfə doktorunun sözlərinə görə, bu, düzgün yanaşma deyil: “Belə bir sual yaranır ki, 1 fəndən nisbi bal toplaya bilməyənlər ixtisas seçiminə buraxılırsa, niyə 200 bal toplayıb, 2 fəndən toplamayanı buraxmırsız? Bundan başqa, may ayında əvvəlki illərdə məzun olmuş abituriyentlər üçün keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırığı modelləri cari ilin məzunları üçün keçirilən imtahanda istifadə olunan test modellərindən çətin idi”.

Xatırladaq ki, TQDK iyulun 15-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 17-də saat 15:40-dan etibarən açıqlayıb.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 25956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 24921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları), IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif: