18 İyul 2016 13:53
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 15-də keçirdiyi imtahanda I və IV qruplar üzrə ümumilikdə 6 nəfər 700 bal toplayıb.

Qəbul imtahanlarında 700 bal toplayan tələbələrdən biri də Xırdalan şəhəri 5 saylı orta məktəbin məzunu Rəvan Nəzərəliyevdir.

Teleqraf.com-a danışan Rəvan Nəzərəliyev deyir ki, qəbul imtahanında 700 bal toplayacağını gözləyirdi: “Məktəbdə qiymətlərimin hamısı yüksək olub. Hədəf kurslarının sınaq imtahanında 680 baldan yuxarı bal toplamışam. Bir dəfə sınaq imtahanlarının birində 700 bal toplamışdım. Qəbul imtahanında da ilk başdan hamı kimi mən də həyəcanlı idim, lakin suallarla tanış olandan sonra həyəcandan əsər-əlamət qalmadı. Qəbul imtahanında da bu cür nəticə əldə edəcəyimə ümidim vardı, amma qismət məsələsi deyib gözlədim. Ailəm xəbəri eşidəndə çox sevindi. İndi evimizdə bayram ab-havası var”.

Rəvanın əkiz qardaşı olan Nurlan Nəzərəliyev de deyir ki, 685 bal topladığını görəndə sevinib: “Qardaşımla mənim topladığım nəticəni görəndə sevindik. Babamla anam sevincdən ağladılar. Valideynlərə bu sevinci yaşatmaq qururverici hissdir”.

Əkiz qardaşlar qeyd ediblər ki, sənədləri hansı universitetə verəcəklərini bilmirlər.

Qeyd edək ki, ailənin böyük övladı 2013-cü ildə qəbul imtahanından 677 bal toplayıb.

Rəvan və Nurlan Nəzərəliyevlər qəbul imtahanlarına Hədəf kurslarında hazırlaşıblar.

İlhamə ƏBÜLFƏT


Müəllif: