19 İyul 2016 01:35

Mühəndislər qrupu yürüş əyləncə gecələri üçün "BeatBringer Speaker Backpack" adlanan portativ musiqi çantası yaradıb.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, qurğu musiqini yüksək səviyyədə səsləndirməsi (110 desibel (dB)) və çəkisinin az olması (5,8 kq) ilə fərqlənir. "BeatBringer" "AUX" və "Bluetooth" standartlarını dəstəkləyir, həmçinin USB birləşdiricisi ilə təchiz edilib. Çantada dinamiklərin yüksək həssaslığı və siqnalın geniş amplitud - tezlik xarakteristikası üçün neodim maqnitləri nəzərdə tutulub. Bundan başqa, qurğu 15 saat 98 dB gücündə musiqini səsləndirməyə hesablanmış 4 400 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator ilə təchiz edilib.

Bildirilir ki, istənilən şəraitdə istifadəsi mümkün olan "BeatBringer Speaker Backpack" çantasının korpusu möhkəm, zərbəyədavamlı və sukeçirməzdir. Lakin qurğunun bir neçə açıq hissəsinin olmasına görə istehsalçı güclü yağışda xüsusi çexoldan istifadəni tövsiyə edir.

Çantanın tam istehsalına başlamaq üçün mütəxəssislər "Kickstarter" saytında vəsait toplanışı kampaniyasına start verərək 30 günə 350 min Danimarka kronu yığmağı planlaşdırırlar. Hazırda könüllülərin gücü ilə layihəyə 35 min kron yatırılıb.


Müəllif:
Загрузка...