20 İyul 2016 13:02
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış publisisti və yazıçısı Tofiq Yusifov Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Bu barədə Teleqraf.com-a Zərdabi Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, akademiyanın rəyasət heyətinin bu il iyunun 26-də keçirilmiş iclasında T.Yusifovun Avropa dəyərlərinin təbliği, Azərbaycan-Avropa inteqrasiya prosesləri, insan hüquqları və azadlıqları, ölkəmizdə açıq cəmiyyətin formalaşması və bərqərar olması proseslərinin tədqiqi üzrə uğurlu araşdırmaları və publisistika sahəsində çoxillik elmi-praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında qərar qəbul edilib.

Avropa Təbiət Elmləri Akademiyası 2002-ci ildə vahid ümumavropa elmi mühitinin formalaşdırılması məqsədi ilə Almaniyanın Hannover şəhərində yaradılıb. Avropa xalqlarının ümumi elm və mədəniyyətinin birinə yaxınlaşdırılması və demokratik dəyərlərin təbliği ilə məşğuldur.

Tofiq Sədrəddin oğlu Yusifov 40 ildən çoxdur mətbuat sahəsində çalışır. 1979-cu ildə Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib, əmək fəaliyyətinə həmin il “Şəki fəhləsi” qəzetinin müxbiri kimi başlayıb.

1990-2006-cı illərdə “Səhər” qəzetində şöbə müdiri, “Günay” qəzetində müxbir, ədəbi redaktor, şöbə müdiri, parlament müxbiri, baş yazar və baş redaktor (10 il ərzində), “Aydın sabah” qəzetində baş redaktor, “Fakt” və Azərbaycan-Türk İnformasiya Agentliklərində (ATA) baş redaktor vəzifələrində işləyib.

2002-ci ildən eyni zamanda həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Filologiya üzrə fəlsəfə doktoru (2012), “Təfəkkür” Universitetinin professoru (2009), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademikidir (2015).

Bakı Slavyan Universitetinin elmlər doktoru proqramı üzrə doktorantıdır. “XX əsr rus-türk ədəbi əlaqələri (bədii resepsiya, tərcümə və tədqiqi məsələləri)” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 6 kitabın, 3500-ə yaxın publisistik, jurnalistikanın müasir problemlərinə dair isə 20-dən çox elmi məqalənin müəllifidir. Magistr dissertasiyaları üzrə İxtisaslaşdırılmış Şuranın sədridir. Elmi əsərləri və məqalələri ingilis, rus, qazax, türk, gürcü və digər dillərə tərcümə olunub.

198-ci ildən SSRİ (Azərbaycan) Jurnalistlər Birliyinin, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan jurnalistlərinin I, II, III, IV və VI qurultaylarının nümayəndəsi olub. 2005-ci ildə Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin xətti ilə 2013-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olub. Ali Media, Həsəb bəy Zərdabi, “Qızıl qələm” və digər jurnalistika mükafatlarının laureatıdır.T.Yusifov eyni zamanda Zərdabi Mətbuat Mərkəzinin təhsil və media sahəsində eksperti kimi də fəaliyyət göstərir.

Səxavət


Müəllif: