20 İyul 2016 15:45
3 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün əvvəl çoban Suvar Bələdov telefonda maşınımın olub-olmadığını soruşdu, ardıyca da yerli ləhcədə məni xəbərdar elədi: “Bu vaxtı dəvə tapmaq ola-ar? Harda olasıdı, dağılışıb dağa-daşa. Gərək kənddən bizi hərrəməyə bir maşın tutaq”.

İndi Salyanın Xıdırlı kəndində Suvarın (1976-cı il təvəllüdlüdü) həyətində oturub həmin maşını gözləyirik, həm də fürsət düşmüşkən Suvara suallar verirəm.

Mən uşaq olanda anam deyərdi, yuxuda dəvə övliyadı. Ancaq dəvəni yuxuda yox, Xıdırlıda görməyə gəlmişəm.

Suvarın bir maraqlı cəhəti də diktofonu qoşan kimi üzə çıxdı; iki kəlmə danışmamış nə düşündüsə, göz-qaş elədi, cihazı söndürtdü. Şərt kəsdi: yalnız kağıza qeydlər götürə bilərəm. Qələm yazmayanda - tərs kimi - qələm də tapdı.

Təhsilini soruşdum, Suvarın barmağını Ələt səmtə uzatdı:

-Budey burda, Ələtdə texniki-peşə məktəbini qurtarmışam, əla motoristəm. Ancaq iş elə gətirdi, 2010-cu ildən dəvələrə baxası oldum. Yəqin soruşacaqsan dəvənin faydası... Sidiyi asmanın dərmanıdı – bunu əvvəl-əvvəl deyim. Keçənlərdə bir qadın üçün xeyli sidik yığdım.

-Xeyli, yəni nə qədər?

-Bir litr-zad olardı.

-Bəs necə yığdın?

-Necə olacaq, bir axsaq dəvə vardı, güdüyündə durdum, dalınca düşdüm, 1 saata-zada yığdım. Xəstəliyə yaman kömək eləyir.

-Hardan bildin?

-Sonra özləri zəng eləyib dedilər. Bilirsən necə istifadə eləyirlər? Xəstə əvvəl dəvənin sidiyindən içir, sonra üstündən bir qaşıq bal udur. Asmanın dərmanıdı. Südü də adıbatmışa xeyirdi.

-Suvar, adıbatmış nədi?

-Xərçəng dənə... Yunu yeli – revmatizmi sağaldır. Dəvənin yununu qırxıb atırsan ayaqlarında yel olan yerə. Yox, yunu nə əyirmək lazımdı, nə də daramaq. Heç nə. Eləcə qırx at yel olan yerə.

-Dəvələr Xıdırlıya necə gəlib çıxıb?

-1956-cı ildə Türkmənistandan gətiriblər. Eşitdiyimə görə, Azərbaycan dövlətinin Türkmənistana nəsə borcu varmış, türkmənlər əvəzində dəvə veriblər. Bizim idarə əslində Qobudadı.

-Qobuda?

-Hə-ə. Adı da belədi: Abşeron rayonunun Qobu qəsəbəsində dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi. Görüblər oralar dəvələrə münasib deyil, gətiriblər Xıdırlıya. Əməlli-başlı sovxoz-kolxoz kimi bir şeydi. Bircə maaşı yaxşı ola. Allahımız haqqı... Nə deyim e...

-Nə sözün-şikayətin var söylə.

-Şikayət eləməyi xoşlamıram. Düşər-düşməzi olar. Dəvəni saxlamaq da zülümdü. Yay-qış düşürəm dalına. 20-25 kilometr bir dairədə dolanırlar. Gərək hamısını toplayıb gətirəsən fermaya. Heç olmasa minik verələr, heç olmasa motosiklet... “İJ-Planeta 5”-i yəqin tanıyarsan.

-Yox, hardan tanıyım...

-İkitəkər motosikletdi. Dəvələri onunla axtarıram. Cütləşmə dövrü çətin olur, dəvələr aqressivləşir, erkəklər bir-biriylə dalaşır. Həmişə olduğu kimi güclü qalib gəlir. Cütləşmə mart ayında başlayır. Boğaz dəvələri də onda yığıram fermada halaya. Mayda doğuş vaxtıdı. Cütləşəndə erkək dişiyə qarşı da aqressiv olur, cütləşdiyi dəvənin hətta qıçını, ayağını da qırır. Gərək hamısına nəzarət eləyəsən.

-Adama neyniyər?

-Dəvənin əsas silahı təpiyidi. Gərək özünü gözləyəsən. Bir adama təpiyi dəysin ha-a, vəssalam, dünyasında Semaşkoya (Bakıdakı xəstəxana –Q.Y.) çatdırmaq mümkün olmaz. Elə yolda ölər.

-Dəvəyə canavar yaxın düşür?

-Təzə doğanda köşəyi ala bilir. Bir dəfə getdim gördüm bir dəvə külbaş balasını əldən verib. Dəvə üç illik olanda cütləşir, cütləşmə iki-üç gün çəkir. 12-13 aya doğur, iki ildən bir bala verir. 25 ilə yaxın da ömür sürür.

-Yalnız bir bala?..

-Hə, dəvənin əkiz doğduğunu nə görmüşəm, nə eşitmişəm. Köşək təzə doğulanda çox zəif olur. Gərək ayağa qalxmasına, süd əmməsinə kömək eləyəsən. Bilirsən dəvənin südü necə yağlıdı?

-Dadına baxmısan?

-Yox, əşi... Köşəyə görə deyirəm. Elə ki köşək ağızlandı, anasından süd əmdi, dərhal canlanır. 10-15 gündən sonra daha canavar ona da yaxın dura bilməz.

-Dəvələri tövləyə salırsan?

-Yox, yay-qış üstü açıq halayda olur. Onu da deyim ki, bizdə birhürgüclü dəvə yoxdu. Biz hürgüc demirik, küvən deyirik. Burdakıların hamısı iki küvənlidi. 60-a yaxın dəvədi, arasında biri də ağ dəvədi.

-Dövlət dəvədən nə xeyir götürür?

-Bu dəqiqə heç nə... Bu il heç yununu da qırxmadılar. İki dəvəni iki-üç il qabaq Şabrana satdıq. Vəssalam.

-Dəvə neçəyə gedir?

-İki-üç min manat qiyməti var. Halbuki dəvədən yaxşı xeyir götürmək olar. Bundan əvvəlki müdirin əyri işləri oldu, korrupsiyaya görə saldılar içəri. Yoxladılar, sənəd-sünəd düz çıxmadı. İnsanlar qurban kəsməyə də dəvə istəyirlər. Görürsən kimsə qurban deyir, ya nə bilim bayramda kəsmək istəyir. Qurban bayramı yaxınlaşsın, yenə zəng, zəng dalınca gələcək. Ancaq indi satmağa icazə vermirlər. Özüm də çıxmaq istəyirəm fermadan...

-Dəvə kəsə bilirsən?

-Niyə kəsmirəm, canını da alıram. Dəvəni iki yerdən kəsirlər - bir xirtdəyindən, bir də bir az aşağıdan. Hə, bir də dəvənin tüpürməyi olur. Hirslənəndə tüpürür. Yəqin oxumuş-eşitmiş olarsan, kinli heyvandı. Döymüsən-vurmusansa, vaxt-bivaxt heyfini çıxmağa çalışır.

-Dəvə minib harasa gedirsən?

-Yox, əşi... Neynirəm. Gərək əhliləşdirəsən. Mən dəvə əhliləşdirə bilirəm. Bir həftəyə olur quzu kimi. Dəvəni bilirsən necə əhliləşdirirlər? Qum dolu iki kisəni yükləyirsən belinə, bir həftə gəzdirirsən, vəssalam. Bu qış yeni il bayramında, inşallah, icazə versələr iki dəvəni əhliləşdirib gətirəcəm şəhərə. Sənə də zəng vuraram.

-Bəs deyirsən, işdən çıxmaq istəyirəm?

-Vallah, xeyir eləmir e. Noyabrdan bəri 300 manat almışam. Əvvəllər heyvan-qara da saxlayırdım, hamısını satdım-sovdum, verdim daşa-taxtaya. Heç olmasa texnika verələr. Bir şey deyim yaz da...

-De, baş üstə, yazaram...

-Bizim kəndə hələ də qaz çəkilməyib. 1000-1200 ailənin yaşadığı Xıdırlı Bakının 84 kilometrliyindədi. Budey burdan-buradı. İşığı da yaxşı gəlmirdi, son illər bir az düzəlib. Kəndə su çəkilib, ancaq vaxtlı-vaxtında verilmir. Bu gün 3 gündü suyumuz kəsilib.

-Yaxşı, yazaram. Suvar, bəs dəvələr hardan su içir?

-Dəvə bir aya yaxın susuz qala bilir. Ancaq biz dəvə deyilik axı, insanıq. Başqa heyvan-qara dəniz suyuna yaxın durmur, amma dəvə dənizdən su içir.

-Deməli, dəniz yaxındı?

-Burdan 10 kilometr olar.

-Bəs ferma?

-Ferma düz 8 kilometrdi. Ancaq fermaya gedə bilməyəcəyik. Yolu yaxşı deyil. Yazda gələrsən, may ayında buralar çox gözəl olur. Budey maşınımız gəldi...

***

Harda insan var, orda problem var. Harda jurnalist problemə rast olur, onu yazmaqdan ötrü əli gicikir. Sürücümüz də oğlunun qəribə bir düyünə düşdüyünü deyir. Bir nəfər onun oğlu da daxil, yüzə yaxın adamın hərəsindən işə düzəltmək adıyla 300 manat pul alıb, məsələ fıs çıxıb, amma pulu qaytarmır. Sürücü sonra keçir elin dərdinə: “Bizim camaat bura Şamaxı dağlarından köçüb. Buralar bol sulu qışlağımış. Elə bil ayağımız düşməyib, bizdən sonra buraların suyu quruyub...”

Dənizə yaxın bu ərazidə, adda-budda yerlərdə torpaq qabarır, bir dikdiri göstərib Suvardan adını soruşuram, Bozdağdı deyir. Pirsaat çayı bir az cənubdan dənizə tökülür; əlbəttə, indi quruyub, indiyə çay qalar?..

-Suvar, yuxuda dəvə görmüsən?

-Yox, heç vaxt görməmişəm.

Dəvələr kəndin qırağına yaxın ərazidə toplaşıb boylana-boylana ot qırpır. Suvarın ağ dəvəsini görməksə mənə qismət olmayacaq – geri qayıtmaq üçün maşına minəndə çoban dostumuz uzaqlaşmaqda olan dəvə sürüsünün arasından onu göstərməyə çalışacaq...

Əvəzində mənə yazda kanala yıxılıb palçığa bulaşmış dəvəni necə yuyundurduğunu göstərən video hədiyyə edəcək: “Öz əlimlə yuyundurdum....”

Sonra da bir əhvalat danışacaq: “Dəvə oynayanda qar yağır söhbətini yəqin eşitmiş olarsan. Bu qış axşamüstü gördüm daylaqlar (dəvənin köşəkdən sonrakı yaş həddi-Q.Y.) oynaqlaşır, bir-birinə diş atır. Yanımdakına dedim, ayə, görəsən, bu nə məsələdi? Səhəri hava bozardı, sonra qar yağdı...”

Susduq, dəvələr elə bil üfüqə doğru uzaqlaşırdılar.

***

Çingiz Aytmatovun “Əlvida, Gülsarı” povestində Tanabayın sözləri yadınızdadımı?

“...Ağ dəvə, ağca maya. Nə zamandır ki, o səhralar aləmini gəzir. Ağ dəvə balasını axtarır. Hardasan, balam mənim, dillənsənə! Əmcəyim dolub daşır, ağ südüm qıçlarımdan axıb gedir, hay versənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, sən hardasan? Hardasan, qara gözlü balam mənim, bəs hardasan?..”

Görəsən, insanlar heyvansız bu yer üzünə necə mehir salardılar?

Qurban Yaquboğlu


Müəllif: