20 İyul 2016 09:14
2 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 ildir ki, Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olan “Gazelli Group-un məhsullarının istehsalı ilə tanış olmaq üçün fabrikinə press-tur təşkil olunub.

“Gazelli Group”un İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Yelena Eyvazlı jurnalistlərə qurum haqqında məlumat verib. Onun sözlərinə görə, 1999-cu ildə yaradılmış şirkətin məhz bu sahədə fəaliyyət göstərməsi heç də təsadüfi deyil: “Ölkəmizin təbiəti çox zəngin olduğu üçün, məhsullarımızın yaradılmasında təbiətin bəxş etdiyi nemətlərdən istifadə olunması qərara alınıb. Məhz bu səbəbdən şirkət bu gün bütün məhsullarının təbiiliyi ilə bağlı zəmanət verə bilir”.

Yelena Eyvazlı qeyd edib ki, məhsulların hazırlanarkən meyvə-tərəvəzlərdən ekstraktlar çəkilir: “Bu zaman nar, heyva, tərxun, xurma, əncir kimi meyvə və tərəvəzlərdən istifadə edilir: “Bununla yanaşı, elə məhsullarımız var ki, tərkibində xına, kürü, hətta naftalan yağları və vulkan palçığı da var. Ümumilikdə, 100-dən çox inqriyentdən söhbət gedir”.

"Gazelli Group”-un prezidentinin köməkçisi Nigar Ramazanova bildirib ki, şirkətin öz istehsalında Azərbaycan torpağının yetişdirdiyi nemətlərdən istifadəyə üstünlük verilir: “Biz məhsullarımız üçün sima seçməmişik. Devizimiz budur ki, hər bir qadın gözəldir və onların gözəlliyini üzə çıxarmaq lazımdır”. Nigar Ramazanova şirkətin dünya standartlarına uyğun GMP sertifikatı aldığını da söyləyib: “Bu sertifikatı almaq o qədər də asan deyil. GMP sertifikatını əldə etmək üçün verilən imtahan almanlar tərəfindən qəbul edilir və hər kəs də bu imtahandan keçməlidir. Bu sahədə tələblər çox ciddidir. Hər bir işçi işə daxil olan zaman sağlamlıq arayışını təqdim etməlidir”. Qeyd edək ki, şirkətdə məhsullara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən "Halallıq” sertifikatı da verilib. Şirkətdə bir neçə xətt üzrə istehsal var. Məsələn, 18 adda "Aroma Collection”, 4 adda "Buta” və s. məhsullar istehsal edilir. İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Gürcüstan bazarlarına çıxarılıb. “Gazelli Group”-un 250 nəfərdən çox əməkdaşı var.

Elmi Sınaq Departamentinin rəhbəri Leyla Dadaşova müəssisəyə daxil olan xammalın laborotoriyada müayinədən keçirildiyini bildirib: “Öz istehsalçımızdan təhlükəsizlik sertifikatı tələb edirik və həmin sənəd üzrə analizlər aparırıq. Lazım olan məhsul qəbul edilir, gərəksiz məhsul kənarlaşdırılır. Kosmetik məhsulun çeşidləri çox genişdir. Biz gigiyenik məhsullar istehsal edirik”.

Şirkətin baş texnoloqu Yusif İsmayılov jurnalistləri istehsalat otaqları ilə tanış edərək əsas 14 istehsalat xarakterli otağın olduğunu qeyd edib: “ Şirkətimiz yerli məhsulumuzun şöhrətini yaymaq və brend kimi tanıtdırmaq istiqamətdində fəaliyyətini genişləndirmək niyyətindədir”.

Qeyd edək ki, 12.000 kv.m sahəyə malik olan fabrik ekoloji təmiz zonada yerləşir. “Ətraf mühitə qayğı ilə yanaşmaq” prinsipinə əsaslanaraq, fabrik inşa olunarkən ərazidəki ağaclar qorunub saxlanılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: