22 İyul 2016 16:34
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnikabank” işində zərərçəkmişlər Ədliyyə naziri və Ali Məhkəmənin sədrinə müraciət etdilər

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmişlər Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlayıblar.

Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına göndərilib.

Müraciətdə qeyd olunur ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 27 aprel 2010-cu il tarixli hökmü ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun cinayət yolu ilə əmanətçilərin külli miqdarda vəsaitlərinin mənimsənilməsi qənaətinə gəlinib: “Zal Yusifov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirkar bilinib. Ona məxsus əmlakların müsadirə edilməsilə vurulmuş ziyanın ödənilməsinə, özünün isə 15 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarılıb. Bundan sonra Zal Yusifov bu hökmdən apelyasiya və kasasiya şikayətləri versə də, hər iki instansiya məhkəməsi hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib”.

Müraciətdə daha sonra bildirilib ki, müsadirə edilən əmlaklar hərraca çıxarılan zaman Zal Yusifovun atası Zakir Yusifov əmlakların ona məxsus olması barədə apelyasiya şikayəti verib: “Bakı Apelyasiya Məhkəməsi Zakir Yusifovun şikayətini hərtərəfli araşdırıb və 12 fevral 2016-cı il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 27 aprel 2010-cu il tarixli hökmünü qüvvədə saxlayıb. Zakir Yusifov oğlunun bu dələduzluq əməlindən utanmadan yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Lakin kasasiya şikayətinə baxılan günü Zakir Yusifov heç bir əsas olmadan vaxtı uzatmaq məqsədilə şikayətini geri götürüb. Bir müddət sonra Zakir Yusifov çirkin əməllərindən əl çəkməyərək, yenə kasasiya şikayəti verib. Hal-hazırda iş kasasiya şikayətində hakim İlqar Hüseynovun icraatındadır”.

Zərərçəkmişlər şikayət ərizələrinin sonunda həm ədliyyə nazirindən, həm də Ali Məhkəmənin sədrindən məsələ ilə bağlı tədbir görmələrini xahiş ediblər: “Biz zərərçəkmişlər 8 ildir ki, iş-gücümüzü ataraq məhkəmə instansiyası yollarında min cür əzab və əziyyətlərə məruz qalmışıq. Ona da qeyd etmək istəyirik ki, bu işlə əlaqədar müxtəlif instansiyalarda 404-dən çox hakimlərin iştirakı ilə 422 dəfə məhkəmə dinləmələri keçirilib, 200-dən artıq qətnamə, hökm, qərardad və qərarlar verilməsinə baxmayaraq, yekun qərar qəbul edilməyib. Xahiş edirik ki, Ali Məhkəmənin hakimi İlqar Hüseynovun icraatında olan bu işi tezləşdirərək yekun qərar verilməsində bizə köməklik edəsiniz”.

Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət edib.

Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir.

O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib.

İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya şikayətini geri götürüb. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb ediblər.

Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Teleqraf.com


Müəllif: