23 İyul 2016 15:12
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Avstraliya və Yeni Zelandiyanın fəal qadın və qeyri-hökumət təşkilatları ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan Q.Paşayeva bu ölkələrin qeyri-hökumət qurumları, qadın təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub.

Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Deputat Yeni Zelandiya və Avstraliya nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Yeni Zelandiya və Avstraliyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam ifadə olunub.

Q.Paşayeva nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib. O, nümayəndə heyətinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı həqiqətləri ilə bağlı materiallar hədiyyə edib və bu mövzularda Avstraliya və Yeni Zelandiyanın bəzi KİV-lərinə geniş müsahibələr verib.

Səxavət


Müəllif: