23 İyul 2016 23:09
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə yol-nəqliyyat qəzası zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış Lənkəran rayon sakini xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən məlumat verilib. Məlumata görə, rayonun Xanbulan kənd sakini, 68 yaşlı Xanəli İnətullayev ötən gecə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş X.İnətullayevə müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti getdikcə ağırlaşıb, axşam saatlarında isə dünyasını dəyişib.

Qeyd edək ki, ötən gecə Ələt-Astara magistralının Lənkəranın Hirkan qəsəbəsi ərazisindən keçən hissəsində dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Rayonun Xanbulan kənd sakini, 58 yaşlı Fikrət Məhərrəm oğlu Abdullayevin idarə etdiyi Rusiya Federasiyasına məxsus "VAZ-21099" markalı, "c 047 by 777" dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn Astara rayon sakininin idarə etdiyi "Ford" markalı, 07 BG 455 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Güclü zərbədən "VAZ-21099"-un sürücüsü və həmkəndlisi olan sərnişini, 68 yaşlı İmran Ağacan oğlu Dövlətov aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 68 yaşlı Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qəza zamanı həmçinin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

İlkin versiya kimi qəzanın hər iki avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə həyata keçirilən avto-texniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: