26 İyul 2016 10:48
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda mülki əhaliyə məxsus dağılmış evlərin bərpası davam etdirilir. Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.

Tərtər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, zərər çəkmiş evlərdən artıq 3-də bərpa, 14-də təmir işləri başa çatıb. Hazırda bir evin tikintisi, 5 evin bərpası, 4 evin təmiri davam etdirilir.

Aprel ayında düşmənin atəşi nəticəsində Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdıqları 51 ev də zərər çəkib. Bu evlərin təmiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Qismən zərər çəkmiş 130 evə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən mal-material paylanılıb.

Bərpa və təmir işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur. (Azərtac)


Müəllif: