26 İyul 2016 10:15
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Nazirlik) və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq etmişdir.

Audit tədbiri Nazirlik və seçmə üsulla müəyyən edilmiş 5 qurumun fəaliyyətini, 2014-cü il və 2015-ci ilin 9 ayı üzrə ümumilikdə isə 433,8 mln. manat məbləğində vəsaiti əhatə edilib. Əhatə olunmuş vəsaitlərin 86,4%-ni məhz funksional fəaliyyət üzrə olmaqla “Sosial müdafiə və sosial təminat” xərcləri təşkil edib.

Mərkəzi aparatın saxlanılması xərclərinin icrası zamanı staja və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilmiş, dövlət qulluqçusu olmayan işçilərə məzuniyyətə çıxdıqları zaman düzgün olmayaraq müavinət və mükafat verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosiala Müdafiəsi Nazirliyi və tabeliyində olan qurumlarda həyata keçirilmiş auditin nəticələri haqqında yaydığı məlumatda deyilir.

Belə ki, Nazirlik tərəfindən maliyyələşdirilən sosial layihələrin hazırlanması və həyata keçirilməsi vəziyyətinə cari nəzarət, eləcə də müvafiq maliyyə-hesabat sənədlərinin qanunvericiliyə uyğunluğunun araşdırılması səlahiyyətləri dəqiq müəyyən edilməyib. Xərclər smetalarının tərtibi zamanı qanunvericiliklə müəyyən edilmiş normalar əsas götürülməyib.

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitlər üzrə layihə təkliflərinin verilməsindən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması və dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.

Alınmış əsas vəsaitlərin icraçılar tərəfindən tam təhvil verilməməsi, tikinti işləri tamamlanmaq üzrə olduğu halda yerinə yetirilən işlərin sifarişçi tərəfindən müvafiq qaydada rəsmiləşdirilməməsi səbəbindən debitor borclar yaranıb.

Hesablama Palatasının Kollegiyası Nazirlik və tabeliyində olan qurumlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilib. Digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: