26 İyul 2016 11:42
240

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Vergi məcəlləsinin tələblərini pozub.

Teleqraf.com-un verdiyi məlumata görə, bu barədə Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2011-2013-cü illərdə AZAL tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsi, eləcə də dövlət əmlakından istifadə olunması ilə bağlı Vergilər Nazirliyi ilə birgə həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edilib.

AZAL Vergi Məcəlləsinin tələbləri pozularaq Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım məbləği müəyyən edilərkən rezident hüquqi şəxslərə Azərbaycan ərazisində təqdim edilmiş reaktiv yanacaq məhsullarının həcminin də ixrac kimi nəzərə alınması və gəlirdən çıxılan xərclərə aid edilməsi səbəbindən dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb.

Həmçinin Vergi Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmayaraq rezident hüquqi şəxslərə təqdim edilmiş reaktiv yanacaq məhsulları üzrə dövriyyələrin əlavə dəyər vergisinə cəlb edilməməsi və bir sıra alışlar zamanı əlavə dəyər vergisi üzrə öhdəliklərin yerinə yetirilməməsi, vergi agenti qismində ödəmə mənbəyində tutulan vergilərin birbaşa dövlət büdcəsinə ödənilməməsi halları müəyyən edilib.

Dövlət əmlakının saxlanması və istifadə olunmasını tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyərək uçotdan silinmiş hava gəmilərinin, aviamühərriklərin, avtonəqliyyat vasitələrinin, maşınların, avadanlıqların, hesablama texnikasının və digər əsas vəsaitlərin ayrı-ayrı hissələrinin və sair yararlı materialların miqdarı müəyyən edilməyib, onlar, eləcə də müxtəlif ehtiyat hissələri və mal- materiallar bazar qiyməti ilə qiymətləndirilməyib.

Hesablama Palatasının Kollegiyası AZAL tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti və Təqdimat AZAL-a, hesablanmış əlavə vergi və maliyyə sanksiyaları məbləğlərinin şəxsi vərəqəyə işlənməsi və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq aktın surəti Vergilər Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: