26 İyul 2016 19:23
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı mövqeyimizi BAXCP sədri Qüdrət Həsənquliyev mətbuatda acıqlayıb. Düşünürük ki, cənab prezidentin təklif etdiyi dəyişikliklər daha çox xarici faktorlardan qaynaqlanır”.

Bu fikirləri Teleqraf.com saytına Konstitusiya Məhkəməsinin təklif olunan dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəyini şərh edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, son zamanlar dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur və Azərbaycan-Ermənistan danışıqları uğursuzluğa səbəb olarsa, qanlı savaş qaçılmazdır: "Hakimiyyət də bu çağırışlara hazır olmaq və ölkədə davamlı sabitliyin təmin olunmasını prezident institutunun gücləndirilməsində görür. Və bu da təbii qarşılanmalıdır. Baxın, qardaş Türkiyədə yaşanan hadisələrə. Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır ki, yarana biləcək hər hansı bir fövqəladə situasiyada bu hüquqdan istifadə edə bilsin. Çünki həmin vaxt parlamentin iclasını çağırmaq mümkün olmaya bilər. Bu zaman nə edilməlidir? Gözlənilməlidir ki, Milli Məclis nə vaxt toplanacaq? Bu gün Ermənistanda baş verən hadisələr, Qazaxıstanda müşahidə olunan proseslər, Türkiyədəki son olaylar, Yaxın Şərqdə qanlı hadisələr, terrorun dünyada geniş vüsət alması insanları aqressivləşdirir. İnsanlar sanki problemlərin zor tətbiq etməklə həll edilməsi üslubuna daha çox meyllənir. Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və ölkəmiz dəfələrlə bəyan edib ki, daha 20-25 ili danışıqlara sərf etməyəcək. Qarabağ probleminin sülh yolu ilə həlli üçün olan zaman bitir, biz torpaqlarımızı hansı vasitə ilə olursa, olsun alacağıq”.

BAXCP funksionerinin sözlərinə görə, refendumun əleyhinə olan radikal siyasi qüvvələrin fikirini qətiyyən bölüşmür: "Heç bir halda təklif edilən dəyişiklik radikalların dediyi kimi, mürtəce deyil. Biz ölkənin ən güclü parlament partiyalarından biri kimi düşünmürük ki, bu dəyişikliklər Konstitusiyaya xələ gətirir. BAXCP olaraq zamanında AXC hakimiyyətini tənqid etmişdik ki, 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərkən "Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir” cümləsini yazdığımız halda parlamentli respublikaya keçmədik. Böyük səhvlərdən biri də bu idi. 1990-cı ilin parlament seçkilərinin total saxtakarlıq şəraitində keçirildiyini bəyan etsələr də, sonra bu parlamentlə işləməyə üstünlük verdilər. Niyə o zaman parlamenti buraxmadılar? Acıq-aydın görünür ki, indiki mərhələdə iqtidar yeni çağırışlara cavab vermək, hazır olmaq üçün prezidentlik institutunu gücləndirir. Biz ölkədə parlamentli respublikanın tərəfdarıyıq. Düşünürük ki, güclü demokratiya ənənələrinin olmadığı ölkədə parlament üsul-idarəsi cəmiyyətin inkişafına daha çox töhfə verə, cəmiyyətin daha da sağlamlaşmasına xidmət göstərə bilər. Referundum əleyinə çıxış edən əsasən AXCP və Müsavat Partiyasıdır. Bu etirazları da normal qarşılamaq lazımdır. Ancaq bu qüvvələrin cəmiyyətdə kifayət qədər sosial dayaqları yoxdur və onların bu prosesə təsir edə biləcəyi, xalqın da onların arxasınca gedəcəyi mümkünsüz sayılır. Bunlar referenduma mane ola bilməyəcəklər”.

BAXCP-nin öz təkliflərinin də olacağını deyən Niyaməddin Orduxanlı bildirib ki, təklif olunan dəyişikliklərdə bəzi məqamlarla razılaşmırlar: "Razılaşmadığımız bir neçə müddəa var və biz hazırda layihəni öyrənirik. Bəzi maddələr üzrə təkliflərimizi də hazırlayırıq. Artıq Konstitusiya Məhkəməsi qanun layihəsinə rəy verib. Bundan sonra təkliflərimizi açıqlayacağıq. Bu təkliflərimizdən bəzilərini qeyd edə bilərəm. Türkiyədə yaşanan hadisələr də sübuta yetirdi ki, Prezidentin silahlı qüvvələrdən parlamentin razılığı olmadan istifadə etmək hüququ olmalıdır. Çünki hər hansı bir ölkədə konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində zorakı hadisələr baş verərsə, parlamentin iclasını çağırmaq mümkün olmaya bilər. Eyni zamanda belə neqativ proseslərin qarşısının alınması üçün polis qüvvələrinin gücünün də yetərli olmamaması mümkündür. Belə olan halda dövlət imkan verməməlidir ki, konstitusiya quruluşu dəyişsin. Ətrafımızda böyük dövlət, islam ekstremizmi, dini dövlət qurmaq istiqamətində ciddi işlər aparılır. Söhbət ondan getmir ki, sabah ordunun hansısa hissəsi qalxa bilər. Hərçənd ki, müdrik dövlət başçıları və siyasətçilər ən ağlasığmaz ehtimalları da nəzərdə tutmalıdır. Vaxtilə Surət Hüseynov Azərbaycan dövlətinə qarşı qalxmadımı? Ancaq ola bilər sabah dini ekstremist qüvvələr, terrorçu qruplar, xarici dövlətlər tərəfindən göndərilən və zamanında "yaşıl adamcıqlar” adlandırılan dəstələr peyda ola bilər və s. Belə olacağı təqdirdə Prezidentin dövlətin və ölkənin təhlükəsizliyini qorumaq üçün Silahlı Qüvvələrdən istifadə etmək imkanı olmalıdır. Dəyişikliklərdə vitse-prezidentlik də var. Dünyanın 63 ölkəsində 103 vitse-prezidentlik vəzifəsi var. Yeri gəlmişkən, Amerikada belə bir təcrübə var. Biz düşünürük ki, əgər birinci vitse-prezident varsa, baş nazir institutu ləğv edilməlidir. Çünki əlavə idarəetmə xərclərinin olmaması, habelə operativ idarəetməni təmin etmək məqsədilə bu addıma gedilə bilər. Bundan başqa, qanun layihəsində Milli Məclisin buraxılması haqqında müddəalar var. Bu müddəalarda qeyd edilir ki, əgər prezident Mərkəzi Bankın idarə heyətinin, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin üzvlərini parlamentə təqdim edirsə və parlament il ərzində onları iki dəfə təsdiq etmirsə, bu halda Prezident Milli Məclisi buraxa bilər. Əgər təsdiqetmə səlahiyyəti parlamentdədirsə və parlament bunu təsdiq etmirsə, buna görə parlamentin buraxılması demokratik prinsiplərə uyğun deyil. Çünki bu halda deputatlar düşünəcəklər ki, ya bunları təsdiq etməlidirlər, ya da onların fəaliyyətinə xitam veriləcək. Bu halda təsdiqetmə formal xarakter daşıyacaq. Odur ki, biz BAXCP olaraq təklif edəcəyik ki, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Mərkəzi Bankın idarə heyətinin üzvlərini Prezident özü birbaşa təyin etsin. Və bu vəzifə Milli Məclis üzvlərinin üzərindən götürülsün. Eyni zamanda Milli Məclisin buraxılması ilə bağlı başqa bir məqam da var. Əgər parlament Nazirlər Kabinetinin fəaliyyətini iki dəfə qeyri-qənaətbəxş sayarsa, bu zaman Milli Məclis buraxıla bilər. Milli Məclis hesab edirsə ki, Nazirlər Kabinetinin fəaliyyəti qeyri-qənaətbəxşdir, buna görə parlamenti buraxmağa nə ehtiyac var? Düşünürəm ki, parlamenti qorumaq üçün Nazirlər Kabinetinin hesabatı Konstitusiyadan çıxarılmalıdır. Yəni sonda seçkinin nəticəsində xalq hökumətə münasibətini ifadə edə bilər. İndiki konstitusiyada Nazirlər Kabinetinin fəaliyyətininin parlament tərəfindən qeyri-qənaətbəxş sayılacağı təqdirdə bu faktın hansı hüquqi nəticələr yaradacağı öz həllini tapmayıb. Bununla bağlı Konstitusiya qanunu qəbul edilib - Əlavə Təminatlar haqda. Amma burada da yazılmayıb ki, parlament hökumətin fəaliyyətini qeyri-qənaətbəxş sayırsa, bu zaman nə baş verir? Düşünürəm ki, indiki halda Nazirlər Kabinetinin parlamentdə hesabat verməsinə ehtiyac yoxdur. Həmçinin qanun layihəsində müddəa var ki, deputat birbaşa səsvermə hüququnu həyata keçirməyəcəyi təqdirdə, statusundan məhrum oluna bilər. Həmçinin deputat etik davranış qaydalarını kobud pozduqda deputat statusundan məhrum edilə bilər. Biz təklif edirik ki, bu müddəalar çıxarılmaldır. Milli Məclis canlı debatların keçirildiyi yerdir. Parlament üzvləri də adi insanlardır, onların hissləri, emosiyaları var. Biz görürük ki, ayrı-ayrı ölkələrin parlamentində bəzən yumruqlaşma, əlbəyaxa davalar baş verir. Digər bir məqam mülkiyyət hüququnun məhdudlaşdırılması məsələsi var. Düşünürük ki, buna yol vermək olmaz. Çünki bizim hazırda qüvvədə olan Konstitusiyamıza görə mülkiyyət hüququ toxunulmazdır. Əgər bu hüququn hansısa hallarda əsaslandırıb desək ki, sən torpaqdan səmərəli istifadə etmirsən və buna görə torpağı sizin əlinizdən alırıq, bu ölkəyə investisiya qoyuluşunun qarşısını ala bilər. Odur ki, mülkiyyət toxunulmaz olmalıdır. Bu məsələlərlə bağlı sadəcə ölçü yoxdur”.

Niyaməddin Orduxanlı prezidentlik müddətinin 5 ildən 7 ilə qədər uzadılmasının və Milli Məclis seçkilərində yaş hədinin 18 yaşa salınmasının da əleyhinə olmadaqlarını bildirdi: "Prezidentin 7 il müddətinə seçilməsi bir çox ölkələrin, o cümlədən inkişaf etmiş öləkərin də təcrübəsində var. Bu gün İsrail dövlətində prezdentlik müddəti 7 ildir. Son olaraq özümlə bağlı baş vermiş hadisəni diqqətinizə çatdırmaq istəyirəm. 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilidi. Və mən 21 yaşında seçkilərə qatılıb Azərbaycanın ən gənc bələdiyyə üzvülərindən biri oldum. 21 yaşlı bir gəncə bu şansın tanınması çox yaxşı bir qərar idi. Artıq 38 yaşım var. Son 17 ildə paralel siyasi fəaliyyətlə məşğul oluram. Bu illər ərzində 4 dəfə bələdiyyə seçkilərində, 3 dəfə də parlament seçkilərində namizəd olmuşam. Böyük bir seçki təcrübəsi toplamışam. İndi bu yaşın 18 yaşa salınması kimə hansı ziyanı verəcək? Əksinə, gənclərin siyasətə gəlişinə imkan yaradacaq. Həm də bu yaşda deputat olmaq istəyən gənclər üçün böyük bir stimul yaradacaq”.


Müəllif: