27 İyul 2016 16:13
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“6 ay ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidməti tərəfindən 83 nəfər dənizdə batmaqdan xilas edilib. Onlardan 53 nəfəri nəzarət olunan çimərlikdə, 30 nəfəri isə qeyri-çimərlik ərazidən xilas olunub. Onların 25-i yeniyetmələrdir”.

Bunu Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə xidmətinin Xilasetmə və Dalğıc işləri xidmətinin müdiri Elsəvər Həsənov deyib.

Xidmət müdirinin sözlərinə görə, suda boğulma halları daha çox qeyri-çimərlik ərazidə baş verir: “Vətəndaşlar evlərinə yaxın çimərliyə üstünlük verirlər. Onlar çox vaxt xilasedicinin ərazidə olub-olmamasına baxmırlar. Daha çox xilasedicilər olmayan ərazidə suda boğulma halları olur ki, onları xilas etmək gec olur. Bəzən də qeyri-çimərlik ərazilərində boğulanların sayını dəqiq deyə bilmirlər. Məsələn, 2 nəfər suda boğulan zaman xilas olunduqda bildirirlər ki, onların bir nəfər də yoldaşı suda qalıb”.

Elsəvər Həsənov insanların daha çox boğulduğu ərazilərdən də danışıb: “Suda boğulma halları əsasən Mərdəkan rayonu Şüvələn qəsəbəsində baş verir. Həmin ərazilər silsilə qayalıqlar var. Qayalıqlar olan yerdə sualtı burulğanlar olur. Küləkli hava şəraitində suya girən insan ölümün pəncəsindən yaxa qurtara bilmir. Sudan xilas edilənlər içərisində balıqçılar, intihar etmək istəyənlər, rayonlarda ehtiyatsızlıqdan sürüşüb kanallara düşənlər də olub”.

Xidmət müdiri deyir ki, hansı ərazidə xilas etmə xidməti varsa, insanların həmin ərazilərdə üzmələri məsləhətdir: “Bizim xidmətin məntəqəsi 24 saat fəaliyyət göstərir. İnsanlar daha çox axşamlar və sərxoş halda dənizdə üzməyə gəlirlər. Digər tərəfdən valideynlər dənizdə uşaqları nəzarətsiz qoyurlar. Bu zaman suda boğulma halları daha çox olur. Onlar səhər 9-dan axşam 8 kimi dənizdə üzsələr, onlar üçün daha təhlükəsizdir”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə xidmətinin Bakı, Abşeron və Sumqayıt ərazisində 25, rayonlarda isə 17 struktur bölməsi var.

Elsəvər Həsənov qeyd edib ki, suda boğulma halları ilə bağlı maarifləndirici tədbirlər keçirilir: “Bakı və rayonlarda maarifləndirici tədbirlər keçiririk. Məqsəd odur ki, dənizə gələn insanlar məlumatlı olsunlar. Nazirlik tərəfindən sahilboyu ərazidə 600-ə qədər dəmir lövhə quraşdırılıb”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən suda üzmə dərinliyi böyüklər üçün 1.75 santimetr, uşaqlar üçünsə 0.75 santimetr müəyyən olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: