28 İyul 2016 15:52
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-ci ilin 6 ayı ərzində Azərbaycanda immun çatışmazlığı virusuna (İİV) yoluxma halları təqribən 20 faiz azalıb. Bu, yüksək göstəricidir”.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Natiq Zülfüqarovun sözlərinə görə, ötən illərlə müqayisədə İİV-ə yoluxanların müayinələrinin sayı artmaqdadır. 2015-ci illə müqayisədə müayinə olunan insanların sayı 30 faiz artıb. Digər tərəfdən bu xəstəlikdən dünyasını dəyişənlərin sayında 30-35 faiz azalma var. Qeyd edim ki, İİV-ə yoluxanların əksəriyyəti azərbaycanlılar, təqribən 3-4 faizi xarici ölkə vətəndaşları olub”.

Natiq Zülfüqarovun sözlərinə görə, qan köçürülmə yolu ilə İİV infeksiyası yoluxmur: “Azərbaycanda 1997-ci ildə bir nəfər qan köçürmə nəticəsində xəstəliyə tutulub. Amerika Birləşmiş Ştatları, Almanıya, Fransa ilə müqayisə etsək, məlum olacaq ki, onlarda qan köçürmə ilə bu xəstəliyin yoluxma halı 10 dəfələrlə artıqdır. Regionlarda artıq birbaşa qanköçürmənin qarşısı alınıb, yalnız qan banklarından verilən qanlar xəstəyə köçürülür”.

Azərbaycanın epidemiyanın yayıldığı yüksək riskli ölkələr sırasında olmadığını deyən Natiq Zülfüqarov deyir ki, il ərzində 600-650 nəfər İİV-ə yoluxan insanlar aşkar olunur: “Digər ölkələrdə isə il ərzində 12-14 min insan qeydiyyata alınır. Bölgələrdə də yoluxma hallarına rast gəlinir. Şirvan-Hacıqabul bölgəsi xəstəliyin yayılmasına görə birinci yerdədir”.

Bu xəstəliyə yoluxma yollarına gəlincə, şöbə müdiri deyir ki, narkotik vasitələrin istifadəsi nəticəsində yoluxanlar daha çoxdur: “Hemoseksual yolla da yoluxurlar. Əksər hallarda yoluxma səbəbləri gizli saxlanır. Çünki bəzən virus daşıyıcısı müayinə nəticəsində xəstəliyə hansı vasitə ilə yoluxmasını gizli saxlayır. Məsələn, narkotik istifadəçisi müayinəyə gəldiyi zaman narkotik aludəçisi olduğunu gizlədir. Biz də onun yoluxma səbəbini naməlum kimi qeyd edirik”.

Natiq Zülfüqarovun sözlərinə görə, araşdırmalar zamanı məlum olur ki, İİV-ə daha çox kişilər yoluxur: “Bu infeksiya yoluxanların 75 faizi kişilər, 25 faizi qadınlardır. Yuxarıda qeyd etdiyim kimi, kişilər narkotik istifadəçisi olur, bu xəstəliyə yoluxurlar və yaxud da, Rusiyada, Ukrayna və digər ölkələrdə işləməyə gedirlər, orda infeksiyaya yoluxurlar”.

Qeyd edək ki, Respublika QİÇS-lə mübarizə mərkəzinin regionlarda 6 anti retrovirus terapiya (ART) mərkəzi var.

Şöbə müdiri deyir ki, paytaxtdan Respublika QİÇS mərkəzinə gələnlərin sayı azalıb: “Regionlardan paytaxta gələn xəstələrin sayı azalır. Çünki onlar yaşadıqları yerə yaxın mərkəzə müraciət edirlər”.

İlhamə ƏBÜLFƏT


Müəllif: