29 İyul 2016 14:41

Baş prokuror Zakir Qaralov Şəmkir şəhərində vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov iyulun 29-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokuror və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Eyni zamanda, prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin Prezident cənab İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...