25 İyun 2014 13:18
9 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şey siyahı tərtib etməkdən başlayır. Toy hazırlıqlarının ən rəngarəng mərhələsi qız evində məhz cehiz siyahısıdır. Siyahı hazır olduqdan sonra isə müvafiq mağazalara baş çəkmək lazımdır ki, bunun üçün də ailələr daha çox iri ticarət mərkəzlərini seçirlər. Bu, həm çeşid bolluğu, həm də vaxta qənaət üçündür.

Hazırda Bakıda cehiz alış-verişi üçün çoxlarının üz tutduğu yer "Binə" və "Sədərək" ticarət mərkəzləridir. Bir qədər imkanlı ailələr isə cehizlik əşyaları sifariş edir, yaxud xarici ölkələrdən alırlar. Cehiz aparmaq əksər ailələrdə vacib sayılır və hər kəs bunu öz cibinə, zövqünə, həyat tərzinə uyğun şəkildə yerinə yetirməyə çalışır.

Cehiz ənənəsi bir çox xalqlara məxsusdur, Azərbaycanda da bu ənənənin kökü qədimlərə gedib çıxır. Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı, etnoqraf alim Solmaz Ağayeva deyir ki, Azərbaycanda cehiz vermək ənənəsi keçən əsrin əvvəllərində qeydə alınıb və o zaman cehizə daxil olan ənənəvi əşyalar var imiş: "Hər ailə üçün vacib sayılan Quran kitabı, üstündə namaz qılmaq üçün canamaz, möhürqabı, təsbeh cehizin dəyişməz əşyaları sayılırmış. Daha sonra iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşək olub".

Cehiz aparılması vacib olan əşyalardan biri də süpürgə olub. Müsahibimiz bununla təzə gəlinin təmizkar, səliqəli olmasına işarə edildiyini deyir: "Dövrün tələbinə uyğun olaraq son illərədək qıza aftafa-ləyən də verilməsi vacib sayılıb. Hazırda bu, bir çox bölgələrimizdə hələ də qalmaqdadır. Aftafa-ləyən hər axşam işdən evə gələn ərin ayaqlarını yumaq üçün istifadə olunur və hörmət əlaməti sayılır".

O da faktdır ki, zaman irəlilədikcə cehizin sayı və dəyəri də artıb. Valideynlər qızlarına mümkün qədər daha çox əşya, daha dəyərli cehiz vermək üçün bir növ yarışa giriblər. Amma dəyişməyən adətlər də var ki, onlardan biri cehizlik əşyaları bədnəzərdən qorumaqdan ötrü qırmızı qaytan və lentlərlə bağlamaqdır. Etnoqraf deyir ki, bu, həm də sevinməyə, şadyanalığa işarədir.

Sandıq, kilim, toster, mikser...

Cehizliklər isə dəyişib. Sandıq, əl işi örtüklər, kilimlər, top-top parçalar indi yerini DVD, toster, şirəçəkən, mikser kimi yeni avadanlıqlara verib.

"Karaca" cehizlik mağazalar şəbəkəsinin əməkdaşı Nailə Qasımova deyir ki, əslində cehiz hazırlığı çoxlarının düşündüyü kimi mürəkkəb proses deyil. Müsahibimiz bəzilərinə qəliz görünən bu hazırlığı asan və sadə etməyin yollarına bu cür aydınlıq gətirdi: "Əvvəlcə boş bir mənzili gözünüzün önünə gətirin. Sonra ayrılıqda o mənzildəki qonaq, yataq otağını, mətbəxi və dəhlizi. Beləcə boş otaqlarda ola biləcək nə varsa zövqünüzə uyğun olaraq onları siyahılaşdırın və həmin əşyaları almağa çalışın. Bu, həm də əlavə xərclərin qarşısını almaqla yanaşı, həm də sizi kor-koranə alınmış artıq əşyaları evə doldurmaqadn xilas edəcək".

Nailə Qasımova deyir ki, indi cehiz üçün çoxlu qab-qacaq aparmaq nə dəb, nə də prestij sayılır: "Çünki indi evi mebellə doldurmaq da aktual deyil. 10-12 nəfərlik süfrəni gözə alaraq, o saya uyğun qab dəsti aparmaq daha praktikdir. Digər əşyaları da o qayda ilə aparmaqla ailələr həm də büdcəyə qənaət etmiş olarlar".

Nə qədər sadə görünsə də, ailələr cehiz məsələsində xeyli xərcə düşür, hətta bir çoxları kredit götürməklə bu çətin yükdə xilas olmağa çalışır. Həqiqətən qızı, olan ailələr üçün cehiz ağır yük sayılır.

Araşdırmalarımıza görə, hazırda qızına orta səviyyəli, sadə cehiz vermək üçün valideynlər təxminən 10-12 min manat məbləğində pul xərcləməli olurlar. Amma bu, alınan cehizin çeşidindən, qiymətindən asılı olaraq azala və arta bilər.

"Ailəni heç vaxt cehiz xoşbəxt edə bilməz"

Sosioloq Adil Əsədov cehizin əsl mahiyyətinin dəyişdirilərək dəb yarışına çevrildiyini deyir: "Qəribədir ki, hamı giley-güzar edir, hamı narazıdır, amma heç kəs bu adətdən yaxa qurtarmaq haqqında düşünmür. Hesab edirəm ki, bu adətdən gənclərimiz özü xilas ola bilər. Protest etməklə, valideynlərin aşırı dərəcədə etdikləri yardımdan imtina etməklə bunu bacara bilərlər. Əvvəllər də bizdə cehiz olub, amma 50-60-cı illərdən bu, başqa bir şəkildə formalaşıb. Bu o vaxtlar idi ki, insanlar müharibədən çıxmışdı, təzə-təzə kasıbçılıqdan qurtulurdular, maddiyyat ön tərəfə keçmişdi. Elə o vaxtdan cehiz məsələsinə önəm verilməyə başlandı. İndi isə zaman da, tələblər də başqadır".

Adil Əsədova görə cehizlik əşyalar simvolik olmalı və gənc ailəyə kömək məqsədilə bəzi əşyaların verilməsi ilə yekunlaşmalıdır: "Amma təəssüflər olsun ki, bizdə cehiz məsələsi anormal bir vəziyyət almaqdadır. Bu, mədəni insan üçün yaxşı göstərici sayılmır.

Bəzən oğlanın valideynləri qızı yaxşı cehizinə görə istəyirlər. Təəssüf ki, cehiz ailələrin qurulmasında müəyyən rol oynayır, ailə quran qızların ən mühüm göstəricilərindən biri sayılır. Amma hər bir ailəni xoşbəxt edən cehiz deyil, cütlüklərin bir-birinə mənəvi baxımdan nə dərəcədə yaxın, dəstək olmasıdır. Ailəni heç vaxt cehiz xoşbəxt edə bilməz".

Peyğəmbərin qızına cehizi nə olub?

Bütün mübahisəli məqamlarda həll yolu kimi dini qaydalara da nəzərə salmaq lazım olur. Görəsən, İslam dinində cehiz anlayışı necə qəbul olunur?

Sualı cavablandıran İçərişəhər Gileyli dini İcmasının rəhbəri Mirhəmdi Məmmədov deyir ki, İslam dini cehiz məsələsini yerli adətlərin öhdəsinə buraxıb. Onun sözlərinə görə, dində ümumiyyətlə, cehiz və cehizpulu deyilən söhbətlər yoxdur: "Bunlar adət halında olaraq həyata keçirilir. Cehizdə əsas məqsəd yeni qurulmuş ailəyə köməkdir və tərəflər arasında razılaşdırılmış qaydada olur. Amma bunun borc xarakteri alması xoşagələn hal deyil. Bu, sonralar müəyyən problemlərin yaranmasına gətirib çıxarır".
Son günlər cehiz məsələsində israfçılığa yol verildiyini vurğulayan həmsöhbətimiz bunun yaxşı hal olmadığını dedi. İcma rəhbəri Məhəmməd peyğəmbərin qızına cehiz kimi çox mütəvazi, cüzi bir şeylər verdiyini deyir və həmin əşyaları ailəyə dəstək məqsədi ilə bağışladığını bildirdi: "Peyğəmbərin qızı Fatimə ailə qurarkən cehiz kimi döşək, bir xalça, bir yastıq, iki unüyüdən, ələk, dəsmal, kilim, yorğan aparıb. Bu isə məqsədli şəkildə deyil, gənc ailəyə kömək üçün verilib".

Sonda qeyd edək ki, toyöncəsi çəkilən xərclərə, əziyyətə rəğmən, çox vaxt aparılan cehizlik lazımsız əşya kimi illərlə istifadə olunmadan ömrünü başa vurur. Odur ki, qonşudan dala qalma məsələni boş verib, cehiz aparmaqda bəhsə girməyi kənara qoymaq lazımdır.

Naibə QURBANOVA


Müəllif: