27 İyun 2014 12:10
455

Gizli məşğulluğun leqallaşdırılması Azərbaycanda aparılan sosial siyasətin prioritetlərindən biridir.

Trend-in məlumatına görə, bunu cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək müqavilələri haqqında bildirişlərin elektron informasiya sisteminin təqdimatında deyib.

Onun sözlərinə görə, işçilərin hüquqlarının qorunması həmişə dövlət strukturlarının diqqət mərkəzindədir və bu, ölkədə aparılan dövlət siyasətinin ən vacib məqsədlərindən biridir.

S.Müslümov qeyd edib ki, Azərbaycan son illər ciddi iqtisadi uğurlara nail olub: "Yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizədək azaldılıb. İşsizliyin səviyyəsi də təqribən 5 faizə çatdırılıb. Özəl sektorun məşğulluqda payı 68 faizdən 74 faizədək artıb".

Nazir əlavə edib ki, bu sistemin tətbiqi qeyri-leqal məşğulluqla mübarizədə öz töhfəsini verəcək:

"Bundan başqa, layihənin reallaşdırılması dövlət büdcəsinə daxilolmaların həcmini artırmağa, işçilərin hüquqlarının qorunmasını daha yaxşı təmin etməyə imkan verəcək, icbari dövlət sosial sığortası üzrə yığımlar artacaq, bu sistemin elektron hökumət portalına inteqrasiyası isə ondan istifadəni asanlaşdıracaq".


Müəllif: