28 İyun 2014 19:47
4 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səkinə Hacıyeva: “Bu xəstəlik haqqında hamının məlumatlı olması vacibdir”

İyulun 9-da Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının Nevrologiya və Tibbi Genetika kafedrasında epilepsiya üzrə məktəbin növbəti məşğələsi keçiriləcək. Bu məşğələlər epilepsiya xəstələri, onların valideynləri və yaxınları üçün nəzərdə tutulub. Məqsəd epilepsiya xəstəliyi, bu cür xəstələrlə bağlı davranış qaydaları, onlara epilepsiya halında və sonra hansı ilkin və davamlı yardımların göstərilməsidir.

Respublikanın baş nevroloqu Şərif Mahalovun rəhbərlik etdiyi kafedrada serebrovaskulyar, epilepsiya, sinir-əzələ, sinir sisteminin iltihabi xəstəliklərinin diaqnostika və müalicəsi aparılır.

Statistik məlumatlara görə, Azərbaycanda təxminən 70 minə yaxın epilepsiya xəstəsi var. Tibb Universiteti Tədris Terapevtik Klinikasının Nevrologiya və Tibbi Genetika kafedrasının həkimi Səkinə Hacıyeva bildirdi ki, epilepsiyanı digər xəstəliklərdən fərqli olaraq gizlətmək mümkün olmadığı üçün statistikanın doğruluğuna şübhə etmək yanlışdır. Həkimin sözlərinə görə, dünyada 50 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir və onlardan 70 faizi lazımi müalicə alır: “Əvvəllər Azərbaycanda epilepsiyalı xəstələrə psixiatrik müəssisələrdə yardım olunurdu. Bu isə çox vaxt düzgün aparılmırdı.

1997-ci ildən Nevrologiya və Tibbi Genetika kafedrasında xəstəlik tam olaraq planlı şəkildə öyrənilir. Epilepsiya müxtəlif tip tutmalarla özünü göstərən xəstəlikdir və hər tutma müalicə tələb edir.

Eyni zamanda, epilepsiya əleyhinə preparatların düzgün təyin edilməməsi onların bir çox əlavə təsirlərinə,tutmaların sayının çoxalmasına və digər fəsadlara gətirib çıxara bilər. Epilepsiya əksər hallarda müalicə olunan xəstəlikdir. Lakin onun diaqnostikası, lazımi müalicəsi çox ciddi məsələdir. Yalnız peşəkar, epilepsiya xəstəliyi ilə dərindən məşğul olan nevroloq düzgün diaqnoz qoyub epilepsiyanın müalicəsində lazımi nəticə almasına nail ola bilər".

İlk yardım üçün bilmək lazımdır ki...

Səkinə Hacıyevanın sözlərinə görə, bu xəstəlik haqqında hamının məlumatlı olması vacibdir. Çünki epileptiklər gözlənilməyən anda huşunu itirib yıxıla bilər və şəxsə ilk yardım üçün bunu bilmək lazımdır: “Epileptik tutma beş dəqiqədən çox davam edərsə, təkrarlanarsa və ya xəstə tutmadan bir neçə dəqiqə sonra özünə gəlməzsə, təcili yardım çağırmaq lazımdır. Təcili yardım gələn kimi xəstənin başının altına yumşaq bir şey qoyun. Qıcolma keçəndən sonra xəstəni yanüstə çevirin. Epilepsiya həm də psixologiyaya təsir edən xəstəlik olduğu üçün xəstə özünə gələndən sonra onu əmin etmək lazımdır ki, hər şey yaxşıdır. Epileptik tutmadan sonra əksər xəstələr çaşqın və yuxulu vəziyyətdə olurlar. Bəziləri isə tez özlərinə gəlir və tutmadan əvvəl gördükləri işi davam etdirirlər”.

Həkimin sözlərinə görə, epileptik tutma çoxlarının düşündüyü kimi həmişə qıcolma ilə müşayiət olunmur. Bəzi xəstələrdə ani beyin durğunluğu olsa da, onlar yerə yıxılmırlar. Buna kiçik epileptik tutma və ya absan deyilir. Belə tutma qısa çəkir və başqa nəticələri olmur. Bəzi epileptiklərdə isə kiçik tutmalar bir neçə dəqiqə davam edir. Belə vəziyyətlərdə xəstə otaqda gəzinir, paltarını dartışdırır və bu kimi digər qəribə hərəkətlər edir. Epileptik tutmadan sonra onda başgicəllənmələri olur.

Xəstəliyin ən dəhşətli tərəfi isə epileptiklərin növbəti tutmanın nə zaman və harada baş verəcəyi qorxusu ilə yaşamalarıdır. Camaat içində pərt olmamaq üçün onlar adətən, ictimai yerlərdə olmaqdan çəkinirlər.
Stress və yuxusuzluq epileptik tutmaların baş vermə ehtimalını artırır. Buna görə də mütəxəssislər epileptiklərə stressi azaltmaq üçün kifayət qədər dincəlməyi və müntəzəm şəkildə idmanla məşğul olmağı məsləhət görürlər. Bəzi hallarda dərman qəbulu da tutmanın qarşısını almağa kömək edir.

Müsahibimiz deyir ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayında artımın müşahidə olunması kompüterdə həddindən artıq vaxt keçirməklə izah olunur: “Adətən, gecələr oyaq qalaraq sosial şəbəkələrdə vaxt keçirmək, yazışmalar, bəzən mübahisələr ciddi stress yaradan faktorlardır. Nəzərə almaq lazımdır ki, epilepsiyanı sürətləndirən amillər sırasında yuxusuzluq, stress ilk yerdə dayanır. O cümlədən, iltihabi xəstəliklər, meningit, zəhərli zob, qaraciyər xəstəlikləri, revmatizm, kalsium çatışmazlığı xəstəliyin yaranmasına səbəb olur. Əsas səbəb kimi isə sinir sisteminin pozulması göstərilir. Amma bu psixi xəstəlik deyil. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya ilə yoluxmaq təhlükəsi meydana çıxır”.

Məşhur epileptiklər

İsaak Nyuton, Vinsent Van Qoq, Napoleon Bonapart, Nikolo Paqanini, Pyotr Çaykovski, Yuli Sezar, Leonardo Da Vinçi və digər bir neçə məşhur da epilepsiyadan əziyyət çəkiblər.

20 saylı poliklinikanın uşaq nevropatoloqu Humay Sədrəddinova deyir ki, dahilərin bu xəstəlikdən əziyyət çəkməsi o demək deyil ki, bütün epileptiklər yaradıcı ola bilər: “Yəni bu məlumatlar çox vaxt valideynlər rahatlaşdırır. Uşaq yaradıcı da ola bilər, istedadlı da. Amma onun orqanizmi sağlam deyilsə, həyatı hər an təhlükədədir. Bəzi epilepsiyası olan xəstə uşaqlarda kiçik epileptik tutmalar baş verir. Bu zaman uşaq bir neçə saniyə ərzində huşsuz vəziyyətdə sanki donub qalır. Belə hallar gün ərzində 10-larla və 100-lərlə təkrar oluna bilər. Uşaq diqqətini toplaya bilmir, dərs mənimsəməyi pisləşir.

Nəzərə almaq lazımdır ki, uşaqda qısamüddətli tutmalar hələ onda epilepsiyanın olması demək deyil. Bu isteriya, kalsium, maqnezium, şəkər mübadiləsi pozğunluqları zamanı da baş verə bilər. Yüksək hərarət nəticəsində epileptik tutmaları olan uşaqların valideynləri xüsusilə diqqətli olmalıdır. Adətən, belə uşaqlar həssas olur və böyüdükcə daha stressə məruz qalırlar".

Humay Sədrəddinova deyir ki, epilepsiya irsi, bətndaxili inkişaf dövründə oksigen çatışmazlığı və müxtəlif zərərli faktorların təsirindən, doğuş travması və sair patoloji hallardan yarana bilər: “Adətən, ilk qıcolma uşaqlarda yüksək hərarət, uzunmüddətli qışqırma və ya ağlama fonunda baş verir. Beyin toxuması hələ yetkin olmaması səbəbindən yenidoğulmuşlarda belə hallar tez-tez baş verir. Əgər uşaqda heç olmasa bir dəfə qıcolma bas veribsə, onu mütləq nevropatoloqa göstərmək lazımdır”.

Yenidoğulmuşlarda hətta bircə dəfə baş vermiş qıcolmanın gələcəkdə epilepsiya xəstəliyinin başlanğıcı olma ehtimalı yüksəkdir. Odur ki, belə uşaqların xüsusi müayinə və müalicə olunması tələb olunur.

NAİBƏ


Müəllif: