22 Aprel 2014 16:21
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan İraqın "Əl-Türkmania" telekanalının rəhbəri Nermin əl-Mufti millət vəkili, İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə İraq arasında əlaqələrin və əməkdaşlığın getdikcə daha da genişlənməkdə olduğunu deyib.

O, Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. Millət vəkili Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə geniş məlumat verib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə, İraqda yaşayan soydaşlarımıza daha geniş şəkildə çatdırılmasında İraqda fəaliyyət göstərən televiziya kanalları ilə Azərbaycan telekanalları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu ifadə edən "Əl-Türkmania" TV-nin rəhbəri Nermin əl-Mufti rəhbərlik etdiyi telekanalın Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını, Azərbaycan haqqında, tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin İraq ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırmaq üçün Azərbaycan haqqında filmlərin, proqramların "Əl-Türkmania" TV-də yayımlanmasının vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin istehsalı olan ermənilərin XX əsrin əvvəllərində və sonlarında azərbaycanlılara qarşı törətdikləri soyqırımları özündə əks etdirən “Soyqırım:Bakı”, “Soyqırım:Quba”, “Xocalı soyqırımı”, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Şuşa şəhərində həyata keçirdikləri vandalizm aktlarını özündə əks etdirən “Şuşa: Dağıdılmış mədəniyyət beşiyi” və bir sıra digər filmlərinin cəmləşdiyi "Azərbaycan həqiqətləri" filmlər toplusunu "Əl-Türkmania" TV-nin rəhbəri Nermin əl-Muftiyə onların telekanalında nümayiş olunması üçün hədiyyə edib.

Eyni zamanda millət vəkili Qənirə Paşayeva Əl-Türkmania TV-nin rəhbəri Nermin əl-Muftiyə Azərbaycan həqiqələri, mədəniyyəti barədə kitablar da təqdim edib və rəhbərlik etdiyi təşkilatın və Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun əməkdaşlığın genişləndirilməsinə hər zaman dəstək göstərməyə hazır olduğunu deyib.


Müəllif: