2 İyul 2014 12:52
6 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Babayev: "Yaşayış yeri olmayanlara stasionar şəraitdə sosial xidmətlər göstərilməsi planlaşdırılır"

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov kimsəsizlər üçün daimi sığınacaqların tikilməsi ilə bağlı növbəti ilin büdcəsində yer ayrılmasını təklif edib. Nazir bildirib ki, hər il nazirlik soyuq aylarda kimsəsizlər üçün müvəqqəti sığınacaqlar təşkil edir. "Bu sığınacaqların daimi olması üçün növbəti ilin büdcəsində yer ayrılmasını təklif edəcəyik".

Bundan başqa, Səlim Müslümov məhbus həyatı yaşayanların həbsxanadan çıxdıqdan sonra cəmiyyətə adaptasiya olunması üçün mərkəzlərin tikildiyini də bildirib. Artıq Qobustanda belə bir mərkəzin bu il istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycanda kimsəsizlərə yardım məqsədilə xüsusi sığınacaqların tikilməsi çoxdan nəzərdə tutulsa da, məsələ gündəmə gələndə bəzi rəsmilər Rusiya, Ukrayna, Ermənistanla müqayisədə Azərbaycanda kimsəsiz insanların az olduğunu, buna görə də belə sığınacaqlara ehtiyac duyulmadığını deyirlər. Qeyd edək ki, analoji sığınacaqların yaradılması "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanunda da nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, həmin sığınacaqlara yerləşdirilən kimsəsizlərə tibbi, psixoloji və hüquqi yardım göstərilməlidir. Ancaq bu məsələ maliyyə tutumlu olduğundan onun nə vaxt reallaşacağı dəqiq bəlli deyil.

"Bəzi şəxslər bunu etirazla qarşılayır"

Sosial ekspertlər də kimsəsizlərə yardım məqsədilə hökumət tərəfindən xüsusi proqramlar hazırlanmasını vacib sayırlar. Hesab olunur ki, həmin proqramlarda kimsəsizlərin reabilitasiyası üçün xüsusi ixtisas və peşə kurslarının açılması məsələsi də əksini tapmalıdır.

Sosial işçi Sənubər Heydərova kimsəzilərin sığınacaqla təmin edilməsinin dünya praktikasında rast gəlinən hal olduğunu deyir. Azərbaycanda isə bu məsələnin qeyri-hökumət təşkilatları, ayrı-ayrı hüquq müdafiəçiləri səviyyəsində qaldırıldığını bildirir: "İnkişaf etmiş ölkələrdə belə sığınacaqlar çoxdan yaradılıb, ehtiyaclı şəxslərin sosial təminatı məsələsi gündəmə gətirilib. Azərbaycanda isə hələlik yalnız sosial zorakılığa məruz qalmış qadınların yerləşdiyi sığınacaq var. Sığınacaqlar müvəqqəti olmalıdır, yəni müəyyən bir müddəti - 3-5 ayı əhatə etməlidir".

Sənubər Heydərli deyir ki, Azərbaycanda sığınacaq tikilməsi məsələsi gündəmə gələndə bəzi rəsmi şəxslər bunu etirazla qarşılayır. Bizdə ailə institutunun güclü olduğunu və sığınacaqla təmin ediləcək kimsəsizlərin az olduğunu deyirlər: "Düzdür, bizdə Rusiya, Ukrayna, Ermənistan kimi BOMJ problemimiz çox deyil. Amma sosial işçi olaraq bilirik ki, əhalinin ölkə üzrə sayına görə kimsəsizlər çoxdur.

Məsələn, həbsxanadan azad olunan şəxslər var ki, ailə qəbul etmir, o da getməyə yer tapmır. Həmin şəxsin yenidən cinayətkara çevrilməməsi üçün dövlət bəri başdan tədbirlər görməlidir ki, bunlardan da birincisi sığınacaqların tikilməsidir".

"Sığınacaq daimi yaşayış yeri ola bilməz"

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirir ki, Azərbaycanda belə insanların müvəqqəti sığınacağı üçün mərkəzlər çox məhdud fəaliyyət göstərir: "Məsələn, birliyin 7 nəfərlik, "Ümid yeri" Uşaqların Sığınacaq və Reabilitasiya Mərkəzində uşaqlar üçün 50 nəfərdən yuxarı, Mingəçevirdə aztəminatlı ailələr üçün reabilitasiya mərkəzində isə 14 nəfərlik sığınacaq yerləri var. Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsinin nəzdində bu cinayətin qurbanlarına xidmət üçün 50 nəfərlik sığınacaq yeri nəzərdə tutulub ki, bu xidmətdən başqa kimsəsizlər yararlana bilmir. Bu cür təşkilatlar isə hələlik beynəlxalq qurumlar vasitəsilə maliyyələşir".

Mehriban Zeynalova deyir ki, Azərbaycanın ailə modelinin qorunub-saxlanmasına xidmət edən "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda sığınacaq evlərinin açılması və bunun üçün ixtisaslı kadrların hazırlanması da nəzərdə tutulub.

Ekspert kimsəsizlərə dəstək zamanı onlar üçün hazırlanan proqramlarda passiv iştirakından da danışdı: "Bu proqramın tələbləri ondan ibarətdir ki, zorakılığa məruz qalaraq təklənən şəxsi hüquqşünasla, psixoloqla görüşdürərkən həmin şəxs onlarla söhbətdə fəal və maraqlı olmalıdır ki, bu istiqamətlərdə yaranan problemlərini həll edə bilsin. Yaxud peşə reabilitasiyası keçməlidir ki, iş təminatı olsun. Sığınacaq isə belə şəxslərə öz həyat şəraitlərini qurmaq üçün təkan verməyə kömək məqsədilə yaradılır.

Bir çox halda sığınacağa gələnlər elə düşünür ki, onun daimi yaşayış yeriylə ömürlük təminatı var. Halbuki sığınacaq daimi yaşayış yeri ola bilməz".

"Bunun bir neçə yolu var"

Kimsəsizlərin sığınacaqla təmin olunması prosesinin mərhələli şəkildə həyata keçirildiyini deyən millət vəkili Musa Quliyev bildirdi ki, məsələ "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunla tənzimlənir: "18 yaşına çatandan sonra onlar qaldıqları uşaq evinin yerləşdiyi rayonun icra hakimiyyətinə, konkret olaraq isə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməklə sığınacaq istəyə bilərlər. Bu gənclər yaşayış yeriylə təmin edilməlidirlər, bunun isə bir neçə yolu var.

Ya onlara mənzil fondundan boş mənzillər verilməli, ya da yataqxanada məskunlaşdırılmalıdırlar. Daha bir çıxış yolu dövlət büdcəsindən ödənilməklə kimsəsizlərin kirayə evlərə yerləşdirilməsidir".
Qeyd edək ki, Bakının Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə 50 mənzillik, 100 nəfərlik yaşayış binası inşa olunaraq istifadəyə verilib. Burada 18 yaşı tamam olmuş 40-a yaxın kimsəsiz qız qalır. Onlar ailə həyatı quranadək burada qala bilərlər.

Yuxarı yaş qrupları nəzərə alınacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevdən aldığımız məlumata görə, hazırda nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Qobustan rayonunda isə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur.

Elman Babayevin sözlərinə görə, ixtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir: "Bundan başqa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi"nə uyğun olaraq müəyyən tədbirlər həyata keçiriləcək. Müəyyən yaşayış yeri olmayan şəxslərə stasionar şəraitdə sosial xidmətlər göstərilməsi planlaşdırılır. Belə sosial sığınacaqların xidmətlərinin daha yuxarı yaş qruplarında olan, müəyyən yaşayış yeri olmayan və çətin həyat şəraitində yaşayan şəxsləri də əhatə etməsi istiqamətində təkliflər hazırlanacaq".

Naibə Qurbanova


Müəllif: