4 İyul 2014 11:33

Vaqif Əsədov: "Xanımlara tərtib edilən inzibati protokollar zamanı problemlərlə üzləşirik"

Piyadaların rahatlığını təmin etmək üçün Dərnəgül şosesi üzərindən 4 yerdə yerüstü keçidlər tikiləcək. Yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti,118 ünvanında, ikincisi Z.Bünyadov prospekti, 3023-cü məhəllə ünvanında, üçüncüsü Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində, dördüncüsü isə Aşqarlar İnstitutu yaxınlığında inşa olunacaq.

Piyada keçidlərinin tikintisinin 2014-cü ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə, paytaxtda yerüstü və yeraltı piyada keçidlərinin tikintisinin 2015-ci ilin mayında yekunlaşacağı nəzərdə tutulur.

Göründüyü kimi, şəhərin infrastrukturunda bir çox dəyişikliklər edilir. Yeni yollar tikilir, avtobuslar intellektual idarəetmə sisteminə qoşulur, yollarda piyada keçidləri salınır və ya sərnişin sıxlığını azaltmaq üçün yeni, çoxtutumlu avtobuslar gətirilir. Amma yenə də görülən işlər, yeniliklər heç də tam olaraq müsbət nəticə vermir.

Cərimələrin artırılmasına və davamlı reydlərin keçirilməsinə baxmayaraq, əhalinin piyada keçidlərindən və piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməsini vərdişə çevirmək müşkülə dönüb.

Altı ay ərzində 75 mindən çox piyada saxlanılıb

Piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi isə çox vaxt onların xəsarət alması və ölümlə nəticələnir. Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda piyadaların vurulmasının ümumi hadisələrin 51 faizini təşkil etdiyi məlum olur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, 2014-cü ilin 6 ayı ərzində 75 mindən artıq piyada saxlanılaraq məsuliyyətə cəlb olunub: "Paytaxtda 60-dan artıq yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bu qədər vətəndaşa qaydanı pozaraq keçiddən istifadə etmədiyinə görə onlara İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunub.

Əlbəttə, bu, narahatlıq doğurur. Əksər piyadalar keçiddən istifadə etmədiyi üçün həyatını itirir. Gündəlik tədbirlər zamanı ilin əvvəlindən indiyədək 75 mindən çox piyada saxlanıb, məsuliyyətə cəlb edilib və 20 manat məbləğində cərimələniblər".

Görmədim, bilmədim, tələsirdim...

Piyadaların yol hərəkət qaydalarını pozması halları əsasən, Neftçilər, Hüseyn Cavid prospektində, "Beşmərtəbə" adlandırılan yerdə, Aeroport yolunda və digər sahələrdə qeydə alınıb. Vaqif Əsədov deyir ki, təyin edilməyən yerdən keçməklə həyatlarını təhlükə qarşısında qoyan piyadalar "görmədim", "bilmədim", "tələsirdim" kimi ifadələrlə özlərini sığortalayır. Lakin bu kimi bəhanələr piyadaları məsuliyyətdən azad etmir və hər kəs 20 manat cərimə ödəməyə borcludur: "Xanım piyadalara qarşı tərtib edilən cərimə məbləğində bir qədər çətinliklərimiz var. Çünki mental xüsusiyyətlərimizlə bağlı xanımlara tərtib edilən inzibati protokollar zamanı problemlərlə üzləşirik.

Yol hərəkəti qaydasını pozan xanıma protokol tərtib edərkən üzərində şəxsiyyət vəsiqəsi yoxdursa, yaxınlıqdakı polis bölməsinə aparılması zərurəti yaranır. Belə hallar bizim üçün də çətinlik törədir. Çox vaxt yersiz səs-küy yaradırlar. Düzdür, qanundan danışanda gərək mental xüsusiyyətləri nəzərə almayaq, amma bu mümkün olmur.

Protokollar içərisində tələbələr və azyaşlı uşaqlarla hərəkət edən piyadaların daha çox qayda pozuntusuna yol verdiyi məlum olur. Əvvəl bəhanə gətirirdilər ki, keçidlər bərbad gündədir, ayaqyolu kimi istifadə olunduğundan heç kəs oradan keçmək istəmir. İndi belə bəhanələr yoxdur. Ona görə mütəmadi reydlər keçirilir, cərimələr tətbiq olunur ki, vətəndaşlar yol hərəkəti qaydalarına əməl etsinlər".

İnsanların təyin edilməmiş yerlərdən yolu keçməsinin qarşısını almaq üçün hansı tədbirlərin görülməli olduğuna gəldikdə, Vaqif Əsədov cərimələrin yenidən artırılmasını məqbul hesab etmir: "Bu günə qədər cərimələr xeyli yüksəldilib. Bunun hesabına belə hadisələr azalıb. Hər bir hərəkət iştirakçısı ailə büdcəsinə qənaət etməyi düşünməlidir".

"Keçiddən keçməmək tənbəllik yox, vaxt itkisidir"

Piyadalar isə məsul şəxsin dedikləri ilə razılaşmır. Cəfər Xəndan küçəsindəki piyada zolağından keçmədiyinə görə cərimələnən paytaxt sakini deyir ki, piyadaları yollar çəkməzdən öncə düşünmək lazım idi: "Elə yerlər var ki, ora svetofor qoyulmayıb. Piyadalar rahat keçə bilmir. Ya da məsafə çox aralıdır. Məsələn, mən Cəfər Xəndan küçəsində yolun əks istiqamətinə keçmək üçün gərək "Oazis" restoranından "Çudo Peçka"ya qədər olan 500 metrdən artıq məsafəni piyada gedib sonra yolu keçəm. Bu mənim üçün əslində tənbəllik deyil, vaxt itkisidir".

Atatürk prospektində, Ayna Sultanova heykəlinin yaxınlığında da piyadalar narazıdır. Ərazidə yaşayan Rasim Əliyev deyir ki, 6 ildən çox davam edən müraciətlərdən sonra burada piyada keçidi tikilməyə başladı: "Amma keçid tikilənə qədər ən azından svetofor quraşdırmaq və ya piyada zolağı çəkmək olardı. Burada piyada zolağı köhnə Samsunq mağazasının yanındadır. Ayna Sultanova heykəlindən ora olan məsafə isə təxminən 700-800 metrdir. Sizcə, bu qədər yolu getməyə kim razı olar?"

Piyadalar özlərini haqlı saysa da, sürücülər narazılıqlarını bildirirlər. Onlar piyadaların onlar üçün nəzərdə tutulan zolaqdan deyil, bir neçə metr aralıdan keçdiklərini deyirlər.

"Özümü döyə-döyə, söyə-söyə məcbur edirəm"

Piyada zolağı olan yerlərdə vətəndaşların avtomobil yolundan istifadə etməsi həmin piyadalarda yol davranışı mədəniyyətinin çatışmaması ilə izah oluna bilər.

Vətəndaşların piyada keçidlərindən istifadə etməməsinin kulturoloji tərəflərinə filosof Niyazi Mehdi aydınlıq gətirdi: "Əxlaq insan biolojisi, istəkləri üzərində zorakılıqdır. Bu anlamda keçidlər kəsə yolla getmək üzərində, tənbəlliyimiz üzərində "zorakılıqdır". Bizim adamlar keçidə düşüb qalxmaq tənbəlliyinə üstün gələ bilmədikləri üçün özlərini maşınla vurulmaq qorxusu altına qoyub yolun üstündən keçirlər, ya da kəsə yolla getmək instinktlərinə görə keçirlər. Heç kimi təhqir etmək istəmədən bildirməliyəm: deyəsən, bu instinkt eşşəklərdə də var".

Filosof deyir ki, Təzə bazarın yanında yaşadığı üçün hər dəfə bazara gedəndə, özü ilə mübarizə aparıb keçiddən istifadə edir: "Özümü ona görə məcbur edirəm ki, "belə olmalıdır" kültür normasına tabe olmağı məşq edib eşşək instinktinə qalib gəlim. Bəs həmin normaya özünü tabe etmək gərəkcəsinə hansı arqumentlər var? Birincisi, sən uşaqlarının, nəvələrinin maşın altında qalması kimi dəhşətə düşməmək üçün maraqlı olmalısan ki, "keçiddən keçməlisən" norması işləsin. Bunun üçünsə birinci özün keçməlisən. Təzə bazardakı keçidlə ilgili, məncə, bir dəfə yazmışam, bir də yazım: keçidə o qədər pul tökülüb ki, hərdən adamın hayıfı gəlir, çünki istifadə edənlər azdır. Belə hallarda məsələyə mühəndis kimi yanaşılmalıdır. Həmin keçidəcən yolun qırağı maşınlarla dolu olur, ona görə də 20-30 metr aşağıdan kimsə keçidə getmək istəsə, bu maşınların üstündən adlamalıdır. Ona görə də aşağıdan yolu keçirlər".

Niyazi Mehdi deyir ki, əhalini keçidlərdən istifadəyə həvəsləndirmək lazımdır: "Əlac yoxdur, mütləq keçidlərəcən, bilmirəm 50 metr, ya 100 metr, adamların keçməsinin qarşısını alan dəmir hasar olmalıdır. Beləcə, başqa məcburedici, başqa həvəsləndirici mexanizmlər tapılmalıdır. Tez-tez televiziyalarda iri planda qaydanı pozanları da göstərmək olar".

"Qəfil başımın üstünü aldılar..."

Cərimələnən piyadaların bir çoxu isə iddia edir ki, keçidlər polis əməkdaşları üçün qazanc yerinə çevrilib.

Paytaxt sakini Natəvan Əliyeva deyir ki, Milli Bankın yaxınlığındakı yeraltı keçiddən istifadə etmədiyinə görə polis əməkdaşları məktəbli oğlunu cərimələyiblər: "Oğlum orta məktəb şagirdidir, həmişə şəhərə mənimlə çıxdığı üçün qaydalara diqqət etməyib. Polislər isə ən azından ona qaydanı başa sala bilərdilər. İndi də orada müşahidə etsəniz görərsiz ki, kimsə keçiddən yox, avtomobil yolundan keçən kimi ağacın arxasından bir neçə yol polisi həmin adamın başının üstünü alır".

Daha bir vətəndaşın da şikayəti oxşardır: "İmtahana gecikdiyimdən keçidə düşmədim, məni 20 manat cərimə elədilər. Ancaq mən elə düşünürəm ki, polis müəyyən vaxtlarda yollarda durub nəzarət edir, həmin vaxtlarda yoldan keçənləri cərimə edirlər, bu, haqsızlıqdır. Belə keçidlərin qazanc mənbəyinə çevrildiyini düşünürsən. İnsanları nəyəsə alışdırmaq üçün onları cərimə etmək kifayət deyil. Maarifləndirici işlər görməlidirlər".

Vaqif Əsədov isə cərimələnən şəxs haqqında protokol tərtib edildiyini və cərimənin elektron qaydada ödəndiyini əsas gətirərək, bunu qazanc mənbəyi kimi göstərməyin səhv olduğunu bildirdi.

Tərəflər arasındakı narazılığın kökünü, piyada keçidlərindən istifadənin hansı qaydalar əsasında tənzimlənməsinə "Digesta" hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov aydınlıq gətirdi: "Yol hərəkətinin təşkili zamanı dünyada qəbul olunmuş standart və şərtlər kobud surətdə pozulur. Həmin normativ sənədlər birmənalı olaraq tələb edir ki, yollarda bütün hərəkət iştirakçılarının fasiləsiz, təhlükəsiz və rahat hərəkəti təmin olunsun. Piyadalar isə yol hərəkətinin ən kütləvi iştirakçılarıdır. Deməli, yol hərəkəti təşkil edilərkən piyadaların hərəkət təhlükəsizliyini nəinki unutmaq, hətta ikinci plana keçirmək də yolverilməzdir".

Ekspert deyir ki, hər bir keçidin qarşısında bir polis əməkdaşını qoymaq mümkün deyil və polis əməkdaşının da gizlənərək vətəndaşın piyada keçidindən istifadə etmədiyini görən anda çıxıb onu cərimələməsi düzgün deyil: "Əslində, şəhərin konkret yerlərinə polis əməkdaşları təhkim olunmalıdır. Yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq etməli, yeri gələndə cərimələnməlidir. Bundan başqa, insanlar özləri dərk etməlidir ki, yol hərəkəti qaydalarını pozsa, cərimələnəcək və ya ona həyatı bahasına başa gələ bilər".

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində küçədə istər nəqliyyatı, istərsə də piyadanı polis əməkdaşlarının idarə etməsi sıfra endirilib. Artıq piyadaların da hərəkəti kameralar vasitəsilə tənzimlənir və inzibati xətaya yol verdiyi təqdirdə, cərimələr ona bildiriş formasında göndərilir.

Naibə QURBANOVA


Müəllif: