4 İyul 2014 11:36
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Niaqara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Teleqraf.com-un xəbərinə görə, araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu aşkarlanıb. Müəssisədə hazırlanan “paytaxt” salatından nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) laboratoriyasına təqdim edilmiş, aparılan müayinələr nəticəsində salatın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Bundan başqa müəssisədə yeməklərin heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, soyuducularda ərzaqların saxlanılması zamanı mal qonşuluğu qaydalarına əməl olunmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi aşkar edilib. Araşdırmalar zamanı, həmçinin, yeməklərin hazırlanması zamanı istifadə olunan ətin baytarlıq şəhadətnaməsi, digər ərzaq məhsullarının uyğunluq və gigiyenik sertifikatları, hazırlanan yeməklərin sınaqlarının nəticələrini təsdiq edən sınaq protokolları, müəssisədə çalışan işçilərin tibbi kartları, peşə təhsillərini təsdiq edən hər hansı sənəd yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə inzibati protokol əsasında cərimə tətbiq edilmiş, normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan edilib.

Naibə


Müəllif: