7 İyul 2014 11:43

İyul ayının 5-də Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı olub.

Teleqraf.com xəbər verir ki, “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Paytaxtın Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start verilib. Layihənin keçirilməsində əsas məqsədlərdən biri də qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması, rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmağa xidmət edir.

9-cu mikrorayon ərazisində salınan parkın açılışı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi bələdiyyəsi ilə birgə təşkil etdiyi tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Tədbir kiçikyaşlı uşaqların parkın açılışını bildirən lenti kəsməsilə başlanıb. Açılış mərasimi sülh və əminamanlıq rəmzi sayılan göyərçinlərin havaya buraxılması ilə müşayiət olunub.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbir iştirakçılarını RİH başçısı Xaləddin İsgəndərovun adından bu əlamətdar hadisə - parkın açılışı münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirib. İ.Süleymanov Paytaxtın şimal qapısında start götürən “Təmiz Binəqədi” sosial layihəsinin mahiyyəti barədə sakinlərə ətraflı məlumat verib. Natiq “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində reallaşan bu tədbirin ciddi əhəmiyyət daşıdığını və hər bir rayon sakininin bu ictimai faydalı işə öz töhfəsini verməsinin zəruriliyini qeyd edib.

Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə Paytaxtın şimal qapısı Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının bugünlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək böyük tədbirdə Binəqədi rayonunun və onun icra strukturları, habelə ictimai-siyasi təşkilatları və sakinlərinin üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır.

Sərəncamda bildirilir ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılmışdır. Artıq komissiya öz işinə başlamış və müvafiq iş planı tərtib olunmuşdur. Görüləcək işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə əhatəlidir. Maraqlı burasıdır ki, iş planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilmiş, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metod və yığıncaqlara üstünlük verilib.

Tədbirlər planına əsasən görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Təbii ki, belə aksiyalar maarifləndirmə ilə birgə tədbirin populyarlaşmasına xidmət edəcəkdir.

Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində əsaslı rol oynayacaqdır.

Ümumiyyətlə, layihənin mahiyyəti ilə tanışlıq sübut edir ki, “Təmiz Binəqədi” layihəsi sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.

Tədbir tanınmış incəsənət ustalarının ifasında zövqoxşayan musiqi parçalarının ifası ilə davam edib. Sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramında səslənən mahnıların sədaları altında rayonun azyaşlı sakinləri – körpə fidanlar bir-birindən gözəl rəqslər nümayiş etdirmiş, öz ifaları ilə tədbirə əlavə rəng qatıblar. Konsert proqramı əməkdar artist Ədalət Şükürovun ifası ilə yekunlaşmış, sonda atəşfəşanlıq olmuşdur. Ramazan ayının gəlişini və iftar vaxtını nəzərə alan tədbir təşkilatçıları oruclarını açmaq üçün sakinlərə şirniyyat, xurma və su paylanıb.

Sakinlər Binəqədi RİH tərəfindən başladılan “Təmiz Binəqədi” layihəsinin əhəmiyyətindən danışmış və parkın açılışından razılıqlarını bildirmiş, Binəqədi rayonunda get-gedə artan belə parkların salınması ilə sakinlərin istirahət və asudə vaxtlarını səmərəli keçirmək məqsədilə uzaq ərazilərdə yerləşən bağ və parklara üz tutmağa ehtiyac qalmadığına toxunaraq, elə öz həyətlərinin istirahət üçün əlverişli məkana çevrildiyini vurğulayıblar.

Ayxan


Müəllif: