7 İyul 2014 17:45
2 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təmiz Şəhər” ASC tərəfindən Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk 2 şirkət qeydiyyatdan keçirilib.

“Təmiz Şəhər” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, bunlar işlənmiş mühərrik yağlarının emalı ilə məşğul olan “Ekokat” MMC və plastik butulkaların emalı sahəsində fəaliyyət göstərən “Az.Ekol.” MMC-dir.

Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatını asanlaşdırmaq baxımından əlverişlidir. Bu şərait istehsal edilmiş məhsulun daha əlverişli şərtlərlə bazara çıxarılmasına imkan yaradacaq.

“Yaşıl biznes”ə, xüsusilə tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə sahibkar və investorlar üçün parkda lazımi infrastrukturun yaradılması planlaşdırılır. Ərazidə yol salınacaq, elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Parkın girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək, lazımi ilkin infrastruktur yaradılacaq.

Parkın rezidentləri 7 il ərzində sənaye parkında fəaliyyət göstərdiyi zaman 4 növ vergidən: mənfəət, torpaq, əmlak vergilərindən və idxal olunan avadanlığın əlavə dəyər vergisindən azad olunurlar.

Sənaye parkında fəaliyyətlə bağlı aşağı icarə qiymətləri ilə istehsalat sexləri, ofis əraziləri, anbarlar və yardımçı sahələri icarəyə götürmək imkanları əldə edirlər. Bundan başqa, parkın rezidentləri güzəştli şərtlərlə kredit əldə etmək imkanından yararlana bilərlər.

Sənaye parkı Bakı şəhərinin Balaxanı qəsəbəsində 7 hektar ərazidə yerləşir.

NİGAR


Müəllif: