8 Aprel 2014 11:55
2 098

Dərnəgül ərazisində Poladəritmə Zavodunun arxasındakı taxta bazarında yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələri cəlb olunduqdan sonra güclü yanğın söndürülüb.

FHN-in yaydığı məlumata görə, baş verən yanğında 8 nəfər zərər çəkib. Bakı şəhər Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, hadisə ilə bağlı aprelin 6-sı səhər sat 08:30 radələrində müraciət daxil olub və əraziyə 2 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində 8 nəfərə tibbi yardım göstərilib. Zərərçəkənlərdən 4-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlar natamam yanma məhsullarından və tüstüdən zəhərləniblər.

Toksikologiya şöbəsinə yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov, FHN-nin xilasedicləri - 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyev yerləşdiriliblər.

Xəstəxanaya yerləşdirilən FHN-nin xilasedicilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Digər iki şəxsin isə müalicəsi xəstəxana şəraitində davam etdirilib, ilkin tibbi-yardım göstərilib və müvafiq məsləhətlər verildikdən sonra evə buraxılıblar.

Hadisə ilə bağlı FHN-nin yaydığı məlumatda daha sonra bildirilir ki, xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçiriblər. Ərazidən 35 nəfəri təxliyə edilib. Bazarın ərazisində 1050 kvadrat m sahədə ştabellərə yığılmış, vətəndaşlara məxsus 450 kub metr taxta materialları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır


Müəllif: Teleqraf.com