9 İyul 2014 20:15
1 637

"Artırma" bu dəfə fərqli biçimdə oxucuların görüşünə gəlir. Qarşıdan gələn 2 avqust - Milli Kino Günü ilə əlaqədar kinoda zəhmət, əziyyət çəkən, tarix yazan sənətkarların söhbətlərini, arzularını dinləyəcəksiniz. Bu, dəfəki müsahibim respublikanın əməkdar artisti, kinoda və teatrda sonsuz sayda rollar ifa edən Əjdər Həmidovdur.

Söhbət ərzində onunla teatr və kinodakı işlərindən tutmuş ailəsinə, qovuşa bilmədiyi sevgisinə qədər uzun bir yol aldıq. Aktyor niyə bu sənəti seçdiyini və seçimi ilə kimin arzusunu gerçəkləşdirdiyini də açıqladı. Amma əlbəttə ki, bütün bu söhbətləri bir yazıya yerləşdirmək olduqca çətindir. Odur ki, söhbətin davamı qəzetimizin növbəti saylarında dərc olunacaq.

Rollardan bol aktyor

Ə.Həmidov məzuniyyətə qədər işlərinin çox gərgin keçdiyini bildirib: "Bu mövsüm teatrda iki yeni tamaşada rol aldım. Mərahim Fərzəlibəyovun quruluşunda "Qürbətdən gələn məktublar" və "Nazirin xanımı" tamaşalarında maraqlı obrazlar canlandırdım. Hazırda rol aldığım üç tamaşanın hazırlıq və məşq prosesi gedir. Bunlar "Generalın son əmri", "Nadir şah", "Mənim günahım" tamaşalarıdır. Bu ayın 10-dan məzuniyyətimiz başlayır. Son üç tamaşanın premyerası gələn mövsüm baş tutacaq. Həmçinin gələn mövsüm tamaşaçılar məni Ramiz Novruzun quruluş verəcəyi "Silindr" tamaşasında da görə biləcək".

Serial

Teleseriallarda çəkilmədiyini deyən aktyor bununla yanaşı "Aramızda qalsın"ın bəzi serialarında çəkildiyini deyib. O, sonra heç bir serialdan təklif almadığını qeyd edib: "Hazırda da heç bir serialda yoxam. Bilirsiniz ki, Vaqif Mustafayevin beş filmində çəkilmişəm. "Yoxlama" serialı onunla hələlik sonuncu işimdir. Serial da yeddi il bundan öncə çəkilib. Bu illər ərzində İTV-nin istehsal etdiyi filmlərdə: "Azarkeş", "Yaz yuxuları", "Məxfi plan"da çəkilmişəm. Sonuncunun rejissoru Cahangir Mehdiyevdir ki, o məni filmdə çəkən ilk rejissordur. Belə demək mümkünsə, məni kinoya məhz Cahangir Mehdiyev olub".

Rejissora sadiqlik

"Hər bir aktyorun rejissoru olmalıdır" deyən Ə.Həmidov bunları söyləyib: "Necə ki hər bir rejissorun öz aktyorları var. Bütün dünyada rejissorlar belə işləyirlər. Bizdə bəzən narazılıq edirlər ki, Vaqif Mustafayev ancaq eyni aktyorları çəkir. Məsələn, mən, Səidə Quliyeva, Nuriyyə Əhmədova, Yaşar Nuri onun bütün filmlərində çəkilmişik. Bu, Vaqif Mustafayevin komandasıdır. Yəni bu dünyada da qəbul olunub. Eldar Rzyanovun filmlərinə baxın, hamısında eyni aktyorlar çəkilirlər. Bu mənada, aktyorun da öz rejissoru olsa, daha məqsədəuyğundur. Teatrda mənim rejissorum Mərahim Fərzəlibəyovdur. Mərahim Fərzəlibəyovla həyatda da dostam. Aktyorla rejissor dost olmalıdır. O zaman onların işbirliyi yaxşı nəticə verəcək. Bununla yanaşı, Bəhram Osmanovun, Ağakişi Kazımovun bir neçə tamaşasında oynamışam. Kinoda isə rejissorlarım Cahangir Mehdiyevlə, Vaqif Mustafayevdir. Bəzən soruşurlar ki, rejissor kimi hansına üstünlük verirsiniz, mənim də cavabım odur ki, ikisini də bir rejissor kimi uca tuturam. Onların ikisi də mənim dostumdur. Cahangir Mehdiyev məni kinoya gətirib, Vaqif Mustafayev isə məni kinonun zirvəsinə qaldırıb. Xoşbəxtəm ki, mənim belə rejissorlarım, dostlarım var".

Kaprizlər

O, kaprizli aktyor olmadığını qeyd edib. Ə.Həmidov bildirib ki, rol barəsində rejissor da bəzən aktyorun fikri ilə razılaşır ki, bu da normaldır. Aktyor bunun həm kinoda, həm də teatrda keçərli olduğunu deyib: "Rejissor görsə ki, aktyorun dediyi yaxşı fikir, tapıntıdır, o zaman razılaşır. Olub ki, mən də rolla bağlı fikrimi rejissora demişəm və o qəbul edib. Amma indi istəmirəm bunları açıqlayam. Çünki adətən filmin müəllifi rejissordur və onun işinə qarışmaq düzgün olmaz. Ancaq yaradıcılıqdır bu...Yalnız birini misal çəkəcəm: "Yoxlama" filminin çəkilişlərində bir səhnə çəkməli idik: çəkilişimiz metallurgiya zavodunda baş tuturdu. Killerlər məni öldürmək istəyir, mən də zavodun içində qaçıram. Zavodda kranla hərəkət edən poladəritmə sobaları diqqətimi çəkdi, dedim, Vaqif müəllim, bəlkə, bu kranla məni vurasınız. Dedi, yaxşı fikirdir və biz o səhnəni çəkdik: rol gərəyi arxamca nəyin gəldiyini görmədən sexdə gedirəm. Kranla gələn sobada olan metal mənə yaxınlaşdıqca istisini hiss etdim və mən orda vaxtında yerə yıxılmasaydım o boynumdan dəyəcəkdi. Sözümün canı odur ki, aktyorun yaxşı fikrini rejissor qəbul edir. Film, tamaşa aktyorla rejissorun birgə işidir".

"Öz filmlərimə baxa bilmirəm"

Ə.Həmidov çəkildiyi filmlərə baxa bilmədiyini söyləyib: "Yoxlama"ya əvvəldən sonacan oturub baxmamışam. Ayrı-ayrı seriyalarını görmüşəm. Bilirsiniz niyə baxa bilmirəm filmlərimə, özümdən tam razı qalmıram. Həmişə özümdə nöqsanlar görürəm. Ona görə də tamaşaçının öhdəsinə buraxıram. Elə tamaşaçılarım var ki, onların fikirlərini bilmək istəyirəm. Bunlar da daha çox qohumlarım, yaxın adamlarımdır".

Çəkiliş meydançaları

Aktyor çəkiliş meydançaları üçün çox darıxmadığını bildirib. O, bunun səbəbini belə izah edib: "Bəzən rol oynayırsan, amma ondan doymursan, elə istəyirsən ki, bir az vaxtın olsun, daha da yaxşı, daha da dolğun oynayasan rolu. Mən "Yoxlama" filmində çəkilərkən rolumdan nəinki doydum, hətta son çəkilişlərdə artıq bezmişdim. Az qalırdı ki, deyəm Vaqif müəllim, mən gedirəm, daha çəkilmək istəmirəm. Təsəvvür edin ki, dörd ay gecə-gündüz çəkilişimiz olurdu. Özü də ən ağır çəkilişlər idi...Film restoranda, otaqda çəkilsə, çox asandır, amma biz "Yoxlama"nın yarısını metallurgiya zavodlarında çəkmişdik. İnanmazsınız, necə ağır çəkilişlər idi... Və təsəvvür edə bilməzsiniz ki, film çəkildiyi müddətdə neçə dəfə zədələnmişəm, neçə dəfə xəstəxanaya aparılmışam. Tryukları etmək üçün Moskvadan kaskadyorlar gətirilmişdi, amma sonra qərar verdim ki, hamısını özüm edəcəm. Serialda bir səhnə var idi: asfaltın ortasında maşınla məni sürüyür, qayadan aşağı buraxırlar. Onların hamısını özüm etmişəm. Bir dəfə az qala saçım yanacaqdı. Deməli, mənim səhnəm çəkilir, arxamda da turba kəsirlər, qığılcımlar ətrafa sıçrayır. Biri gəl düş mənim saçıma. Saçım başladı alışmağa, tez əlimi atdım başıma, yaxşı ki, vaxtında tərpənmişdim. Bir dəfə də Mərdakanda quyunun içərisində çəkiliş aparmalı idik, mən də quyunun dibinə düşməli idim. Quyunun dibi də çox soyuq, içindəki su da bumbuz. Tapşırıq da belə idi ki, mən suya girməliydim. Dedim, Vaqif müəllim, mən öləcəm. Vaqif müəllim köməkçisinə dedi ki, araq gətir. İçdim, bir az qızışdım, girdim suya. Sudan çıxdım, rejissor dedi, alınmadı. Dedi, soyun. Soyundum, çılpaq bədənimi araqla sürtdülər. Stəkana 100 süzdülər, onu da içdim. Təkrar suya girdim, çıxdım, rejissor dedi ki, yenə alınmadı, suyun altında görünürsən. Dedi, axırıncı dublu çəkirik, bir 100 qram da içizdirdi. Girdim suya, tapşırığa görə sudan çıxıb pilləkənləri qalxmalı idim, pilləkənlərə çıxmaq istəyəndə ayağım səndəlləyirdi. Vaqif çəkilişi saxladı: "Sən piyan oldun ki?". Sərxoş halda ağacların altında yıxılıb qalmışam. İndi baxıram ki, bütün bu əziyyətlərə dəyərdi. Çünki tarix yazdım, bildim ki, həyatımı niyə, nə üçün yaşamışam".

"Azərbaycanfilm"

"Azərbaycanfilm"dən təklif almadığını qeyd edən Ə.Həmidov bunları söyləyib: "Bizdə bir az başqa cürdür. Rusiyada, Türkiyədə bir filmə çəkiləndə başqalarından da təkliflər gəlir. Mən "Yoxlama"dan sonra elə bilirdim ki, məni ard-arda filmlərə dəvət edəcəklər. Əksinə, heç bir film məni dəvət etmədi. Bizim rejissorların psixologiyası başqadır. Deyirlər ki, Vaqifin aktyorudur, Vaqif özü çəksin. Bu, çox ucuz, yöndəmsiz fikirdir. Necə yəni Vaqifin aktyorudur? Mən aktyoram. Belə çıxır ki, o boyda filmdən sonra mən kiminsə filmində rol oynaya bilməyəcəm? "Kişi sözü"ndən sonra mən "Lətifə"də çəkildim. O filmi ilk dəfə ORT-də göstərdilər, Bakıda kinoteatrda nümayiş olunanda növbələr olurdu. O filmə bilet tapılmırdı. Soruşurlar ki, niyə aktyorlara filmlərdə az qonorar verirlər? Mən özüm də doyunca qonorar almışam. İndi bu məsələyə başqa cür yanaşıram. Pulu heç kim heç kimə elə-belə verməz. Pulu vermirlər, qazanırlar. "Titanik" filminə üç yüz milyon xərclənib. Film bir milyarddan yuxarı gəlir götürüb. Ondan 30 milyon dollar Di Kaprioya verilib. Di Kaprioya o pulu verməyiblər, o özü o pulu qazanıb. Ssenari müəllifi, aktyorlar, rəssam, operatorlar birləşib dünyəvi film, "Oskar"a layiq film çəkiblər, gəlir gətirib. Pul qazanmaq istəyiriksə, biz elə film çəkməliyik ki, o film pul qazandırsın. Bax onda biz yaxşı qonorar ala bilərik. Belə olmasa, puldan gözünüzü çəkin. Heç vaxt kinoda pul olmayacaq. Bunu etmək üçün də problemlər var. Kino da çəkildi, onu harada nümayiş etdirəcəyik? Mən "Lətifə" filmində kinonun kinoteatrda nümayiş olunmasının dadını, şirinliyini gördüm. Filmin çəkilişinə görə 500 manat almışdım, amma film necə pul qazandısa, mənə mükafat olaraq 6 min pul verdilər. SSRİ vaxtı bu, çox böyük pul idi. Yəni film özü pul gətirdi, ondan da bizə pay düşdü. Ona görə də indi filmdən yaxşı qonorar əldə etmək üçün yaxşı film çəkmək, kinonun digər mexanizmlərini işə salmaq lazımdır: yəni filmin diskinin prokatı olmalı, kinoteatrlarda nümayiş etdirmək , bununla da pul əldə etmək lazımdır. Yol budur. Bilirəm ki, bunun üzərində iş gedir, mexanizmi işə salmaq istəyirlər. Burda heç kimin - rejissorun, aktyorun, nazirin günahı yoxdur. Bu, bir dövr idi, SSRİ - nin dağılması ilə kinoprokat, kinoteatr mexanizmi də çökdü. Bu mexanizmi yenidən işə salmaq bir-iki günün işi deyil".

Nərmin Muradova


Müəllif: