20 Aprel 2017 11:03
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının ofisində işləyənlər qrantları öz valideynlərinə verirdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan Avropa İttifaqının Azərbaycana ayırdığı 90 milyon avro qrantla bağlı sosial şəbəkədə başlatdığı müzakirələrə münasibət bildirərkən deyib.


Sahib Məmmədov qeyd edib ki, əksərən Aİ seçki monitorinqi ilə bağlı layihələrə qrant ayırıb. Bu layihələrin çoxunun nəticəsi olmayıb, ayrılan qrantlar sadəcə, ayrı-ayrı QHT-lər tərəfindən mənimsənilib: “Həmin QHT rəhbərlərinin səsi möhkəm gəlir. Elə şəxslər var ki, bir neçə təşkilat yaradıb, növbə ilə həmin təşkilatların adına qrant alırdılar. Avropa İttifaqının ofisində işləyən bir neçə əməkdaş vardı ki, bu qrantları öz valideynlərinə, qohumlarına təşkil edirdi, sonra nəticəsi də görünmürdü”.

Sahib Məmmədovun fikrincə, Avropa İttifaqının qrant ayırma prosesindən QHT-lərin xəbəri olmur: “Qrant komissiyasının kimlərdən ibarət olduğu, hansı kriteriyaların əsas götürüldüyü bəlli deyil. Seçkilərin monitorinqi məsələsində siyasi partiyalara yaxın olan QHT-lərin layihələri maliyyələşdirilirdi. Bəzi təşkilat rəhbərləri yalandan deyirdi ki, min nəfər şəxsi layihəyə cəlb etmişik. Əslində isə pul silirdilər. Həmin şəxslər siyasi partiyaların yerli fəalları idi ki, məntəqələrdə müşahidəçi kimi qeydiyyata düşmüşdülər, QHT-lər isə onları öz müşahidəçiləri kimi təqdim edirdi. Seçki prosesləri ilə məşğul olan təşkilatların hamısı birmənalı qeyri-şəffaf idi”.

Onun sözlərinə görə, Aİ-nin maliyyələşdirdiyi layihələr içərisində bir neçə səmərəlisi olub: “Aqrar sektorun, icmaların inkişafı və səfərbərliyi ilə bağlı nəticəsi görünə bilən layihələr vardı. O cümlədən medianın inkişafı ilə bağlı da layihələr olub. Amma qeyd etdiyim kimi, Avropa İttifaqının maliyyələşdirdiyi layihələrin böyük əksəriyyəti səmərəli olmayıb”.

QHT sədri Avropa İttifaqının bilavasitə rəhbərlik etdiyi təşkilatın layihəsini maliyyələşdirmədiyini deyib: “Beynəlxalq Miqrasiya təşkilatı layihə almışdı, mən fərd kimi ekspert qismində həmin layihədə iştirak etmişəm. Avropa İttifaqından qrant almaq çətin prosesdir”.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro qrant ayrıldığını deyib.

Onun sözlərinə görə, bu vəsait qadınların kənd yerlərində işlə təmin olunması, sosial işçilər, hakimlər, jurnalistlərə treninqlərin keçirilməsi və sair kimi layihələrə verilib.

Malena Mardın Avropa İttifaqının 90 milyon avroluq qrantının hansı layihələri əhatə etdiyinə dair sosial şəbəkələrdə tənqidi müzakirələr başlayıb.

Nərgiz


Müəllif: