20 Aprel 2017 15:34
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əmək Təşkilatı və “Gallup” mərkəzi dünyanın 142 ölkəsində 150 minə yaxın adamın arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, qadınların 70 faizi ödənişli işlə məşğul olmağın tərəfdarıdır. Onlardan 41 faizi həm işləmək, həm də ailəsinin qayğısına qalmaq arzusundadır.

Sorğuda qeyd edilib ki, ərəb ölkələrində qadın əməyindən istifadə edilmir. Azərbaycanda sorğuya qatılan qadınların 14, kişilərinsə 31 faizi qadının işləməsinə razı olmadığını deyib.

Azərbaycanda qadınlar niyə fəal deyil?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova hesab edir ki, Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar: “Bu gün qadınlarımız texniki və maliyyə sahlərinə böyük maraq göstərirlər. Nümunə üçün bir neçə rəqəmi nəzərinizə çatdırmaq istərdim. 2005-ci ildə 4328 qadın maliyyə və sığorta fəaliyyəti ilə məşğul olurdusa, 2015-ci ildə onların sayı 9899-a qalxıb. Yaxud 2005-ci ildə peşə, elmi və texniki fəaliyyəti ilə 14811 qadın məşğul olurdusa, 2015-ci ildə 25386-ya yüksəlib. Tikinti sahəsində fəaliyyət göstərən qadınların sayı 2005-ci ildə 5177, 2015-ci ildə isə 7154 olub”.

Komitə rəsmisi qeyd edib ki, 2012-ci ildə 73 min 469 nəfər sahibkar qadın vardısa (17 faiz), 2017-cı ilin əvvəlinə bu rəqəm 143 min 90 nəfərə qalxıb, yəni 21 faizə çatıb: “Onu da deyim ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Əlbəttə, bu istiqamətdə bir sıra işlər görülür. Qadın Resurs Mərkəzləri yaradılıb və burada qadınlara müxtəlif istiqamətlərdə xidmətlər göstərilir”.

Millət vəkili Jalə Əliyevanın fikrincə, qadınların əsas vəzifəsi ev işlərini görmək və uşaq tərbiyə etməkdir: “Nə qədər bərabərlikdən danışılsa da, bütün dünyada insanların 50 faizinin düşüncəsi belədir”.

Jalə Əliyeva deyir ki, əgər qadının potensialı varsa, ailəsi ilə yanaşı cəmiyyətdə də fəal olacaq: “İstək yoxdursa, müxtəlif sferalarda qadınlar üçün kvota yaratmağın heç bir faydası yoxdur. Statistikaya görə, Azərbaycanda qadınlar təhsil və səhiyyə sahəsində üstünlük təşkil edirlər. Bu da onu göstərir ki, qadınlar ilk növbədə maarifləndirməyə, yardıma ehtiyac hiss olunan yerdə daha fəal olurlar”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadınlar üçün iş imkanları yaradılmalıdır ki, onlar evdə oturmasın: “Normal iş şəraiti, əmək haqqı olmalıdır ki, qadınlarımız həm işləyə, həm də uşaqlarına baxa bilsinlər. Maneələr, dedi-qodular olanda qadınlar könüllü olaraq inkişafdan imtina edir. Çox az qadın var ki, bu müqavimətə, çətinliyə dözür və sterotiplərdən azad olur.

Hətta siyasi çevrədə belə qadınların fikirləri az dəstəklənir. Qadınlar iqtisadi baxımdan kişilərdən asılı olduğu üçün müstəqil qərar qəbul edə bilmirlər. Bununla yanaşı valideynlərin övlada münasibəti də dəyişməlidir. Elə qadınlar var ki, maddiyyatı düşünür və qızının işləməsindən çox, ailə qurub evdə oturmasını istəyir”.

İlahiyyatçı Elşad Miri deyir ki, İslamda qadının evdə oturması qadağası yoxdur: “Peyğəmbərin birinci xanımı ömrünü ticarətlə, bizneslə keçirmiş qadındır. Öz ticarətinə görə tanınan bir qadın olub. Elə bir qadağa olsaydı, peyğəmbər ona işləməyi qadağan edərdi. Qadınların işləməsini dini yasaq yoxdur”.

İlhamə Əbülfət


Müəllif: