20 Aprel 2017 16:21
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abortun qarşısını almaq istəyiriksə, ailə planlaşdırılması aparılmalıdır.

Bunu Teleqraf.com-a açıqlamasında qanunsuz abort edən həkimlərə tətbiq edilən cərimələrin artırılması ilə bağlı qanun layihəsinə dəyişiklikləri şərh edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, selektiv abortların qarşısının alınması ilə bağlı cərimələrin artırılması lazımlı və məqsədəuyğundur:

“Qadın aborta məcbur edilirsə, onun özünün qərarı yoxdursa, həkim söhbət əsnasında vəziyyəti izah etməlidir. Heç bir həkim qadının abort hüququnu əlindən ala bilməz. Ailədə münasibətlər tənzimlənməlidir. Həmçinin qız uşağının abortu və ya qız uşaqlarının azalması problemi diqqətə gətirilməlidir. Abort edən həkimin cərimələnməsi və ya məsuliyyətə cəlb olunması ilə məsələni bitmiş saymaq olmaz. Aborta vadar edənlər haqqında da tədbir görülməlidir. Böyük dölün abortuna görə cinayət məsuliyyəti və cərimələr onsuz da var”.

Mehriban Zeynalova qeyd edib ki, ölkədə yeni strategiya hazırlanır:

“Reproduktiv sağlamlıqla bağlı strategiya yaxın vaxtlarda açıqlanacaq. Əgər biz abortun qarşısını almaq istəyiriksə, ailə planlaşdırılması aparılmalıdır. Qoruyucu vasitə və dərmanların istifadəsinə tətbiq edilməlidir. İndi hansı qadın ərinə deyə bilər ki, qoruyucudan istifadə et? Əyalətlərdə əksər hallarda bu özü də zorakılıq üçün mövzu olur. Ər soruşur ki, sən hardan bilirsən qoruyucu nədir? Hesab edirəm ki, maarifləndirmə işi gücləndirilməlidir”.

Mehriban Zeynalova yeni qadağaların gizli abortlara meydan aça biləcəyini də bildirib: “Bunun üçün təkcə aborta qadağa qoymaq kifayət deyil, qadınların sosial-iqtisadi imkanları artırılmalıdır. Qadın özü müstəqil qərar vermək imkanı əldə etməlidir. Bu halda abortların qarşısı öz-özünə alınacaq”.

Qeyd edək ki, qanunsuz abort etməyə görə cərimələrin miqdarına ediləcək dəyşikliklərə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə 500 manatdan 1000 (hazırda 200) manatadək miqdarda cərimə və ya altı ayadək müddətə, eləcə də xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 (hazırda 300) manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılması təklif edilir. Cinayət Məcəlləsinə edilən bu dəyişikliklər Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Şəfiqə Nazimqızı


Müəllif: