20 Aprel 2017 17:08
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Azərbaycan vətəndaş cəmiyyətinə ayırdığı maliyyə vəsaiti ətrafında ajiotaj yaratmaq düzgün deyil. Çünki Malena Mard Azərbaycanın dostudur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın Avropa İttifaqının 90 milyon avroluq qrantının hansı layihələri əhatə etdiyinə dair sosial şəbəkələrdə başlanan müzakirələrə münasibət bildirərkən deyib.

Novella Cəfəroğlu qeyd edib ki, Avropa İttifaqının Azərbaycan vətəndaş cəmiyyətinə ayırdığı maliyyə vəsaiti 90 milyon deyil, 19 milyon avrodur:

“İkincisi də, Avropa İttifaqı 10 ildən çoxdur ki, müxtəlif layihələri maliyyələşdirir. Bu təşkilatın Azərbaycana ayırdığı maliyyə səhiyyə, təhsil və digər sahələri əhatə edib”.

Onun sözlərinə görə, Avropa İttifaqının maliyyə hesabatı çox açıqdır və heç nə gizlədilmir: “Avropa İttifaqı kimə nə veribsə, hamısını yazır. Özü də müxalifətdən də çox adam Avropa İttifaqından pul alıb. Münaqişələrin həlli və sülh üçün də maliyyə vəsaiti ayırılıb. Avropa İttifaqı həmişə QHT-lərlə hökumətin dil tapmasına çalışıb. Xeyli vaxtdır bu qurumun Azərbaycanda nümayəndəliyi var, mən Malena Mard kimi mərd qadın görməmişəm. Onlardan bir manat da pul almamışam. Amma düzünü demək lazımdır. İşçiləri də çox yaxşıdır. Bircə dəfə layihə göndərmişəm, maliyyələşdirməkdən imtina ediblər. Buna baxmayaraq, çox açıq və gözəl insanlardır. Mətbuat Avropa İttifaqını bizdən küsdürməsin. Avropa İttifaqına sorğu göndərsəz, görəcəksiz ki, ən çox müxalifət qrant alıb. Avropa İttifaqı Azərbaycan üçün çox işlər görüb, vəkillərin, hakimlərin hazırlanması, eləcə də səhiyyə, təhsil sahəsində dəstək olublar”.

Qeyd edək ki, Malena Mardın Avropa İttifaqının 90 milyon avroluq qrantının hansı layihələri əhatə etdiyinə dair sosial şəbəkələrdə müzakirələr başlayıb. “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan məsələ ilə bağlı Feysbukda sərt mövqe nümayiş etdirib.

Nərgiz


Müəllif: