21 Aprel 2017 13:44
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirə edilməsi məqsədi ilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələri iştirak ediblər.

Görüşdə nazir Əbülfəs Qarayev bildirib ki, Tədbirlər Planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb. Nazir bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. Əbülfəs Qarayev bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.

Əbülfəs Qarayev həmçinin çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğu bildirib.

Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. Nazir vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.

Nazir Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.

Şəfiqə Nazimqızı


Müəllif: