21 Aprel 18:35

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf.com-a verilən məlumata görə, həmin bakalavrlar 2017-ci il aprelin 21-dən 30 dək Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçməli və 3 – 5 may 2017-ci il tarixində qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 21 – 30 aprel 2017-ci il tarixlərində DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2 may 2017-ci il tarixində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 3 – 5 may 2017-ci il tarixlərində vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında dərc ediləcək.

Şəfiqə Nazimqızı


Create Account



Log In Your Account