21 Aprel 2017 17:57
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki uşağa cəmi 100 manat aliment alıram. 100 manatla uşaqları necə dolandıra bilərəm?!

Bunu Teleqraf.com-a ünvanlı dövlət sosial yardım ala biləməyən Şəki şəhər sakini Səyyarə Babayeva deyib.

Onun sözlərinə görə, iki uşağı ilə birlikdə həyat yoldaşı tərəfindən tərk edilib: “3 il əvvəl həyat yoldaşım namaz qılmaq adı ilə Şəki şəhərindəki məscidə gedirdi. Vaxt keçdikcə radikallaşdı. Mənə və uşaqlara, hətta anasına qarşı pis rəftar etməyə başladı. Bizi düşmən gözündə görürdü. Nəhayət, 2016-ci ilin sentyabr ayında məhkəməyə ərizə verib “sən məni cəhənnəmə aparırsan, məni cənnətə aparan arvad alacam” deyib məni boşadı”.

Şikayətçi bildirir ki, məhkəmə aliment təyin edərkən, ona ədalətsizlik edilib: “Məhkəmə hakimi keçmiş həyat yoldaşımdan rüşvət alaraq 2 uşağa cəmi 100 manat aliment təyin etdi. Təbii ki, 100 manatla 3 nəfər dolana bilməz. Üstəlik kiçik qızım Gülayın ürəyində anadangəlmə qüsur var. Tez-tez müayinə və müalicəyə ehtiyacı yaranır. İndi siz deyin, mən 100 manatla Gülayı necə yaşadım? Hələ o biri qızımın məktəb xərcləri, yemək, kommunal ödənişlər var. 100 manat ilə dolanmaq mümkün deyil. Ona görə də sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim, lazımı sənədləri göndərdim. Sənədlərdə heç bir problem olmadığı halda bu il yanvarın 1-də mənə ünvanlı dövlət sosial yardımı ayrılmasından imtina edildiyi barədə bildiriş göndərdilər”.

Səyyarə Babayevanın sözlərinə görə, bundan sonra o, fevralın 9-da yenidən sosial yardım almaq üçün sənədlərini nazirliyə göndərib: “Cavab gəldi ki, siz telefon nömrənizi gizlətdiyiniz üçün yardım ayrılmasından imtina verilib. 1 həftə bundan əvvəl üçüncü dəfə müraciət etdim. Mənə bildirdilər ki, “texniki xidmət üçün” 50 manat ödəniş etməlisiniz”.

Səyyarə Babayeva ondan bu məbləği tələb edənlərə 100 manat aliment pulu aldığını, bu səbəbdən 50 manatı vermək imkanının olmadığını bildirib: “Bildirdim ki, əgər sənədi pulsuz göndərirsizsə, göndərin, mümkün deyilsə, göndərməyin. Sənədimi götürdülər, amma “50 manat ödəsəydiniz, tez cavab alardız” dedilər. Ancaq mənim 50 manatım olsa, onu elə qızlarıma xərcləyərəm. Bundan əlavə, ərizə yazmaq üçün məndən 7 manat aldılar. Hələ ki, müraciətimə cavab gəlməyib. Nazirliyin 142 qaynat xətti daim məşğul olur, əlaqə saxlaya bilmirəm”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayevlə əlaqə saxladıq.

Onun sözlərinə görə, vətəndaşlar yalnız ünvanlı dövlət sosial yardımının alınması üçün deyil, ümumiyyətlə, hər hansı sosial təminat növünün (pensiya, sosial müavinət və s.) təyin olunması üçün müraciət edərkən, onlardan heç bir ödəniş tələb olunmur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi vasitəsilə sosial yardımın alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesi tam avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Vətəndaşlar təmsil etdikləri ailələrin sosial yardım almaq hüququna baxılması üçün internet bağlantısı olan istənilən nöqtədən nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə “Ərizə-bəyannamə”ni dolduraraq sistemə daxil etməklə kifayətlənirlər. Şəki sakini olan qadının yardım üçün elektron müraciət etməsindən ötrü ondan ödəniş tələb olunmasına dair sizin müraciətiniz nazirlik tərəfindən dərhal araşdırılıb. Səyyarə xanımla əlaqə saxlanılıb. Onunla söhbət zamanı müəyyən olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsində ondan heç bir ödəniş tələb edilməyib. Həmin məbləğ ondan hansısa “texniki xidmət mərkəzi"ndə tələb olunub. Adını bilmədiyi şəxslər elektron göndərməyə kömək müqabilində ondan 50 manat istəyiblər. Bizim bununla da bağlı araşdırmamız davam edir. Nəticələrə uyğun olaraq, dələduzlara qarşı müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

Elman Babayev bu cür məsələlərdə vətəndaşları diqqətli olmağa və dələduzlara aldanmamağa çağırıb: “Bu və ya digər şəxsin guya hər hansı ailəyə sosial yardım təyin etdirə bilməsi, yaxud onun köməkliyi ilə sosial yardım üçün elektron müraciət ediləcəyi halda sosial yardım təyin olunacağı ilə bağlı vədinə aldanmasınlar. Belə vədlərin heç bir real əsası yoxdur. Bu, dələduzluq yolu ilə insanları aldadaraq onlardan nəsə ummaq cəhdindən başqa bir şey deyil. Vətəndaşlar istənilən internet bağlantısı olan yerdən heç bir ödəniş etmədən ünvanlı sosial yardım üçün müraciət edə bilərlər. Kimsə elektron formada müraciət etməkdə çətinlik çəkirsə, belə vətəndaşlar üçün alternativ variant var. Onlara poçt şöbələrində sosial yardımın alınması üçün elektron qaydada müraciət etmək imkanı yaradılıb”.

Məsələni diqqətdə saxlayacağıq.

İlhamə ƏBÜLFƏT


Müəllif: