24 Aprel 2017 17:18
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları gecə klublarına mütəmadi nəzarət etməlidir.

Bu sözləri Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev gecə klublarında oynanılan azart oyunlarının fəsadları barədə Teleqraf.com-a danışarkən deyib.

Sabiq rəis bildirib ki, Azərbaycanda qumar tipli oyunlara qadağa tətbiq edilib:

“Doğrusu, “Mafiya” oyunu barədə məlumatım yoxdur, amma ölkədə qumar oyunlarına qadağa qoyulub. “Topaz” istisnadır, çünki onun lisenziyası var. Yerdə qalan digər uduşlu oyunlara qadağa var”.

Ekspert hesab edir ki, bu cür oyunlar insanları psixoloji gərginlikdə saxlayır: “Adi nərd, dama, şahmat oyununda insanlar gərgin olur. Maddi maraq kəsb edən oyunlar zamanı insan uduzanda və ya kimləsə mübahisə edəndə affekt vəziyyətinə düşür. Həmin vəziyyətdə insan cinayət törədə bilər”.
Mahmud Hacıyevin fikrincə, ümumilikdə gecə klubları lisenziya əsasında fəaliyyət göstərməlidir.

Qeyd edək ki, ötən gecə Azadlıq prospektində yerləşən "Elita" klubunda stolüstü "Mafiya" oyunu keçirilib. Oyun zamanı mubahisə yaranıb. Söz çəkişməsi əlbəyaxa dava ilə nəticələnib. Klubun xidmətçisi, şəxsi heyəti ilə yanaşı, bir neçə müştəri də xəsarət alıb.

Şəfiqə Nazimqızı


Müəllif: