26 Aprel 2017 11:34
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turistlərin arasında təxribatçı insanlar hər zaman olur.

Bu barədə Teleqraf.com-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, gələn turistlərdən kiminsə Azərbaycan əleyhinə təbliğat aparması mümkündür:

“Bu cür hallara həmişə rast gəlinib. Sovet dövründə də təxribatçı turistlər olub. Amma ümumilikdə turistlərin gəlişi ölkə üçün ciddi problem yarada bilməz. Əksinə, iqtisadiyyata müsbət təsir göstərir. Son zamanlar Azərbaycana gələn turistlər arasında əsasən miqrasiya qanunlarını pozanlar aşkarlanıb”.

Müzəffər Ağakərimov qeyd edib ki, Azərbaycanda turistlər üçün hostellərin tikilməsi vacibdir: “Çünki hostellər ölkədə kütləvi turizmin inkişafında mühim rol oynayır. Hostellər bütün dünyada var. Onları tikib, aztəminatlı insanlara vermək lazımdır ki, hər kəs istirahət edə bilsin”.

Qeyd edək ki, son dövrlər Azərbaycana xarici ölkələrdən, xüsusən, ərəb ölkələrindən turist axını güclənib. Bu, eyni zamanda təhlükəsizlik məsələsini də gündəmə gətirib.

İlhamə ƏBÜLFƏT


Müəllif: