26 Aprel 2017 16:16
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməyin mühafizəsi tədbirlərinə ayrılan vəsaitin miqdarı ilbəil artır. Bu məqsədlə ayrılan pul vəsaitinin miqdarı 2005-ci ildə 24 milyon 265,2 min manat olubsa, 2015-ci ildə həmin vəsaitin miqdarı iki dəfədən çox artaraq 67 milyon 873,5 min manat olub.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə YAP-ın saytına müsüahibəsində bildirib.

Fuad Əlizadənin sözlərinə görə, əslində, ayrılan vəsaitlə əməyin mühafizəsi tədbirlərini daha yaxşı təşkil etmək olar: “Ancaq ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi barədə məlumat dərc edilməməsi səbəbindən müvafiq təhlil aparmaq imkan xaricindədir. Bununla bərabər Dövlət Statistika Komitəsinin məlumatına əsasən hazırda respublika iqtisadiyyatının müxtəlif sahələrində əlverişsiz əmək şəraitində işləyənlərin sayı artıb”.

Fuad Əlizadə bildirib ki, işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində bir sıra çatışmazlıqlar mövcuddur: “Xüsusilə tikinti və tikinti materialları istehsalatları sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazımi qaydada istifadə etmədikləri əmək müfəttişləri tərəfindən dəfələrlə müşahidə edilib. Bir də görürsən ki, hər hansı hündürmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur.

Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydalarının pozulmasına dair çoxsaylı misallar çəkmək olar”.

İlhamə ƏBÜLFƏT


Müəllif: