27 Aprel 2017 12:27
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Four Seasons otelinin lüks nömrələrində “Zərgərlik və incəsənət” mövzusuna həsr olunan, "Dünyanın Zinət Əşyaları” (“Jewels of the World”) qurumunun təşkilatçılığı ilə beynəlxalq sərgi keçrilir.

Teleqraf.com xəbər verir ki, dünən başlayan ikigünlük sərgidə dünyanın zərif zərgərlik məmulatlarının yaradıcıları, Cənub dənizinin mirvarilərindən ibarət kolleksiyalar, müxtəlif növ üzüklər, habelə əl işi olan qeyri-adi qol saatları sərgilənib.

Mətbuat konfransında "Dünyanın Zinət Əşyaları”nın prezidenti Valentina Vasilyeva çıxış edib. Onun sözlərinə görə, incəsənət hər zaman “dünyanın ləl-cəvahiratları” konsepsiyasının ayrılmaz və mühüm tərkib hissəsi hesab olunub:
“Sərgidə ağlı başdan çıxaracaq qədər heyrətamiz müasir incəsənət kolleksiyası təqdim edirik. Bizim üçün bu beynəlxalq sərgini Bakı şəhərində keçirilməsi təşkilatçı kimi uğurumuzun əsas göstəricilərindəndir. "Dünyanın Zinət Əşyaları”nın hərəkət konsepsiyası dünyanın seçilmiş yerlərində ən nüfuzlu müştəriləri hər zaman unikal imkanlarla təmin etməkdən ibarətdir.

Başlıca məqsədimiz yüksək bədii dəyərə malik ən yaxşı zərgərlik, saatsazlıq və incəsənət nümunələrini bir araya gətirmək və qeyri-adi kolleksiyaları yerli elitaya təqdim edən ilk təşəbbüskar olmaqdır”.

Valentina Vasilyeva bildirib ki, əsas diqqət yüksək keyfiyyətli qiymətli daş və Cənub dənizinin mirvarilərindən ibarət kolleksiyalar arasındakı ahəngi və onların zərif kombinasiyasını təqdim etməkdir: “Brendlərin hər biri qonaqları xüsusi olaraq təchiz edilmiş və hazırlanmış lüks nömrədə qəbul edəcək, bu isə öz növbəsində təkrarolunmazlıq hissini gücləndirəcək”.

Mətbuat konfransından sonra hər bir brendin istehsalçısı otelin nömrərində iştirakçıları qəbul edib. Onlara zinət əşyalarının düzəldilməsi və özəlliyi barədə məlumat verilib.

Sərgilənən zinət əşyalarının qiyməti fərqlidir. Qiymət 10 min dollardan başlayır. Fransada bahalı daşdan hazırlanmış üzüyün qiyməti 560 min avrodur. De Laneau, Greubel Forsey saatlarının qiyməti isə 150 min - 1 milyon dollar arasında dəyişir.

İlhamə ƏBÜLFƏT


Müəllif: