27 Aprel 2017 20:51
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, siqaretdən uzaqlaşan insanlar özlərini sakitləşdirmək üçün sulu qəlyana, elektron siqaretlərə keçirlər

Azərbaycana qəlyanın özü əsasən İran, Dubay, Tükiyədən, ona lazım olan içliklər isə əsasən İrandan gətirilir.

Bunu Teleqraf.com-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynovun sözlərinə görə, Bakıda təxminən kafelərin 6 faizində sulu qəlyandan istifadə olunur:

“Qanundakı yeni dəşikliklər sulu qəlyana, elektron siqaretlərə tamam qadağa qoyacaq. Çünki adi siqaretlər kimi onlar da təhlükəlidir. Təəssüf ki, siqaretdən uzaqlaşan insanlar özlərini sakitləşdirmək üçün sulu qəlyana, elektron siqaretlərə keçirlər. Hər ikisi siqaretdən də təhlükəlidir. Bu cür vərdişlər özünü aldatmaqdır”.

Qeyd edək ki, qəlyanla bağlı türk alimlərin apardığı araşdırmadan sonra məlum olub ki, qəlyana tütünlə birlikdə tərkibində narkotik maddə qarışdırılır, bunu müştərilər öncə hiss etmirlər. Qəlyan tüstüsündəki zəhərli maddələr (arsenik, nikel və xrom) siqaretin tütünündəki miqdardan 50 dəfə zərərlidir. Bu isə o deməkdir ki, cəmi 1 dəfəyə çəkilən qəlyan 50 siqaretə bərabərdir.

Azərbaycan Tibb Universitetinin pulmonoloqu Rafiq Bayramov deyir ki, sulu qəlyan çəkilən zaman boruya taxılan başlıq dəyişdirilməlidir:

“Qəlyan çəkilən yerlər qapalı olur. Bu isə tənəffüs sistemi ilə yoluxucu xəstəliklərin yayılmasına əlverişli şərait yaradır. Qəlyanın istifadəsi zamanı ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasına səbəb olan yüzlərlə, minlərlə zərərli maddə var.

Uzun müddət qəlyandan istifadə insanda ağciyər xəstəliyinə gətirib çıxarır. Sulu qəlyan və digər tənəffüs sisteminə təsir edən tütün məhsulları yandıqda zərərli maddələr ayrılır. Bu zərərli maddələri də tənəffüs yollarına çəkəndə birbaşa bronxların selikli qişasının zədələnməsinə, gələcəkdə meyilliliyin yaranmasına gətirib çıxarır”.

Xatırladaq ki, bu gün Milli Məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Qəbulu gözlənilən yeni qanunda sulu qəlyanların qadağan edilməsi əksini tapacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif: İlhamə Əbülfət