15 İyul 2014 13:56

Günəbaxan tumundan “çıxan” avtomobillər

Bol-bol hədiyyə vəd edən kuponlu günəbaxan paketlərini, yəqin, siz də eşələmisiniz. Kiçik tumlardan böyük hədiyyələrin nə cür, hansı məntiq və qazanc məqsədi ilə əmələ gəldiyinə maraq etməmək mümkün deyil. Əslində, çox vaxt qablaşdırmanın üzərinə “hədiyyəli” sözü yazılır, sonra aksiyanın müddəti başa çatır, “hədiyyəli” məhsullarsa satışdan çıxarılmır və istehlakçılar aldadılır.

Günəbaxan tumlarının uduşlu kuponlarında ən xırda əşyalardan tutmuş, məişət avadanlıqlarına qədər çox şey, hətta avtomobil də vəd edilir. Amma bu vaxta qədər kiminsə günəbaxan tumu alaraq avtomobil qazandığını nə eşidən, nə də görən olub.

Bəs görəsən, qəpiyə satılan günəbaxan tumu üçün 100-150 min manatlıq avtomobilin uduşa qoyulması və bunun udulması nə dərəcədə realdır?

Tutaq ki, 10 tum paketindən 5-də müxtəlif hədiyyə var. O hədiyyələrin 5-nin minimal qiyməti 5 manat civarındadır. Tumun öz qiyməti isə 20 qəpikdir. 5 hədiyyənin qiyməti 10 tum paketindən iki dəfə baha çıxır. O zaman şirkətin yarı ziyanla işləməsi ortaya çıxır ki, bunu da heç bir müəssisə etməz. Hələ dəyəri min manatlarla ölçülən avtomobil hədiyyələrini demirik. Deməli, yalan oyundur.

Ölkədə isə bu məsələyə məsul bir neçə dövlət qurumu olsa da, onların da yalana göz yumduğu faktdır. Aldanan istehlakçıların təsəllisi isə “Bəxtinizi bir daha sınayın” yazılmış kağız parçalarıdır ki, onları yenidən tum almağa həvəsləndirir.

“Çiko”nun köhnə hədiyyələri

“Çiko” günəbaxan tumlarının təşkil etdiyi “Al-qazan” adlı stimullaşdırıcı ani lotereyanın müddəti dekabrda bitsə də, hazırda bu məhsullar uduş kuponu altında satışa çıxarılır. Bununla bağlı aparılan reklam kampaniyasında isə alıcılara 50 ədəd 100 manat, 200 ədəd 10 manat, 400 ədəd 5 manat, 1000 ədəd 1 manat, 2000 ədəd isə qızıl tum vəd olunur.

Buna bənzər vəziyyət “Beloçka” günəbaxan tumlarında, “Veysəloğlu” firmasının istehsalı olan “Zabbuva” və digər firmanın məhsulu olan “Toppuş” qarğıdalı çubuqlarında, “Şah” tumda və daha neçə-neçə məhsulun satışında davam edir.

Adıçəkilən məhsulların uduşlu kuponlarında azyaşlı uşaqlara hədiyyələr, bahalı avtomobil, məişət avadanlıqlarının adları sadalansa da onların sahiblərinə nə vaxt təqdim edildiyi sirr qalır. “Çiko” günəbaxan tumlarının qablarının hər birində uduş kuponu var. Kuponda demək olar ki, ancaq “Bəxtinizi bir daha sınayın” sözü yazılır.

Son günlər bir neçə televiziya verilişinə sponsorluq edən “Patron” günəbaxan tumları ilə bağlı da oxşar narazılıqlar var.

Mövzu ilə bağlı əlaqə saxladığımız “Çiko” şirkətinin nümayəndəsi bildirdi ki, hazırda onlarda hədiyyə kampaniyası keçirilmir: “Bu, ötən il olub, onda da televiziyada yayımlanan verilişdə qaliblər efirə çıxarılırdı və hədiyyələri təqdim olunurdu”.

Qeyd edək ki, Azərbaycanda ani stimullaşdırıcı lotoreyalarla bağlı nəzarət mexanizmini həyata keçirən qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyinin müvafiq strukturlarıdır. Mövzu ilə bağlı hər iki qurumla əlaqə saxlasaq da, aidiyyəti şəxslərin məzuniyyətdə olduğunu bildirdilər və suallarımızı cavablandırmaq istəmədilər.

Hədiyyə, yoxsa vergidən yayınma

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu sahədə qeyri-qanuni hallara yol verildiyini, istehlakçıların aldadıldığını deyir: “Əslində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu sahəyə nəzarət etməyə başlayanda biz çox sevindik. Düşündük ki, müvafiq qurumlar bu sektordakı hərc-mərcliyə son qoyacaq və istehlakçıların aldadılmasına imkan verilməyəcək. Amma vəziyyətin müsbətə doğru dəyişdiyindən danışmaq olmaz. Çünki bu gün ayrı-ayrı şirkətlər tərəfindən təşkil olunan situmullaşdırıcı ani lotereyalarda istehlakçılar aldadılır”.

AİB sədri bildirir ki, istehlakçılar bu mövzuda hüquqlarını tələb etməkdən çəkinirlər: “Bunun başlıca səbəbi vətəndaşların məlumatsızlığıdır. Eyni zamanda əksər müraciətlərin aidiyyəti qurumlarda cavabsız buraxılması da istehlakçıların həmin orqanlara qarşı etimadını azaldır. Bu baxımdan vətəndaş aldadılması barədə hansısa instansiyaya müraciət etməkdə maraqlı olmur”.

Eyyub Hüseynova görə, uduşlu məhsul istehsal edən sahibkarların yalnız bir məqsədi var - müştəri cəlb etmək. Birlik sədri bu cür uduşlu məhsulları istehsal edən müəssisələrin uduş tirajı keçirib-keçirmədiklərinin araşdırılmalı olduğunu söyləyir: “Uduşlu məhsul istehsal edən istehlakçılar mütləq Qiymətli Kağızlar Komitəsindən lisenziya almalıdırlar.

İndi bəzi yanacaqdoldurma məntəqələrində də uduşlu kupon verirlər. Amma uduş tirajlarını nə vaxt keçirirlər, heç kəsin xəbəri olmur. Belə çıxır ki, məqsəd istehlakçıları aldatmaqla öz mallarını sırımaqdır. Halbuki müvafiq qanuna görə, məhsulun içərisindən çıxan kuponda tirajın vaxtı göstərilməli, nəticələri ictimaiyyətə açıqlanmalıdır".

Ekspert deyir ki, günəbaxan tumları kimi maya dəyəri aşağı olan məhsulların uduş kuponlarında avtomobil və digər qiymətli hədiyyələrin qoyulması vergidən yayınma da ola bilər.

Naibə Qurbanova


Müəllif: